Tramp və Ərdoğan eyni masada: Ukrayna ilə bağlı kritik mesaj gözlənilir
ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü başlayıb. İki lider arasında keçirilən danışıqlarda Ukrayna-Rusiya müharibəsi, regional təhlükəsizlik, NATO çərçivəsində əməkdaşlıq və Yaxın Şərqdəki son vəziyyətin əsas müzakirə mövzuları olduğu bildirilir. Görüş beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Ekspertlər hesab edirlər ki, tərəflər arasında veriləcək mesajlar təkcə Ukraynadakı müharibənin gedişinə deyil, həm də NATO-nun gələcək strategiyasına təsir göstərə bilər.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, NATO-nun Türkiyədə keçirilən mühüm zirvə toplantısı və Tramp–Ərdoğan görüşü təsadüfi hadisə deyil.

Onun sözlərinə görə, Türkiyə həm güclü ordusu, həm də strateji mövqeyi ilə NATO üçün əvəzolunmaz müttəfiqlərdən biridir:
“NATO Türkiyəyə hər zaman ehtiyac duyur və Ankaranın alyans daxilində söz sahibi olmasının vacibliyini qəbul edir. Çünki regionda elə münaqişələr var ki, onların həlli birbaşa Türkiyədən keçir. Buna Suriyanı misal göstərmək olar. Hesab edirəm ki, bu zirvə toplantısı mühüm qərar və mesajlarla tarixə düşəcək”.
O, qeyd edib ki, Tramp və Ərdoğan arasında keçirilən görüşdə Ukrayna müharibəsinin əsas gündəm mövzularından biri olması gözlənilən idi:
“İndiyədək Ukrayna-Rusiya müharibəsinin dayandırılması üçün Türkiyədə bir neçə dəfə danışıqlar təşkil olunub. Düşünürəm ki, bu proses davam edəcək. Bu da göstərir ki, Ukrayna məsələsinin həllində Türkiyənin rolu həm ABŞ, həm Rusiya, həm də Ukrayna tərəfindən qəbul olunur”.
Politoloqun fikrincə, görüşdə Ukrayna ilə bağlı yekun qərarın qəbul ediləcəyi real görünmür:
“Müharibənin başa çatması üçün mütləq tərəflər – Rusiya və Ukrayna danışıqlar prosesində iştirak etməlidirlər. Bununla belə, Tramp və Ərdoğan tərəfindən gələcək sülh prosesinə dair mühüm siyasi mesajların verilməsi mümkündür. Hesab edirəm ki, bu görüş gələcək baxımından münaqişənin həlli istiqamətində ciddi qərarların əsasını qoya bilər”.
Politoloq NATO-nun Ukraynaya dəstək siyasətinə də toxunaraq bildirib ki, alyans indiyədək Kiyevə əhəmiyyətli dəstək göstərib:
“Müharibə dörd ildən artıqdır davam edir və bu müddətdə Ukraynaya ciddi dəstəyin şahidi olmuşuq. Finlandiya və İsveçin NATO-ya üzv qəbul edilməsi də bu müharibə fonunda verilən mühüm siyasi mesaj idi. Türkiyədə keçirilən zirvə toplantısı isə həm NATO daxilində Ankaranın rolunun daha da güclənməsinə, həm də gələcək təhlükəsizlik siyasətinin formalaşmasına mühüm töhfə verəcək”.
Təhminə Abdulrəhimova
17:39 07.07.2026
Oxunuş sayı: 46