Türkiyənin NATO-dakı artan rolu bütün türk dünyasının təhlükəsizliyi üçün vacibdir
Hazırda NATO daxilində Türkiyə həm coğrafi mövqeyi, həm də hərbi imkanları baxımından alyansın əsas üzvlərindən biri hesab olunur. Məhz bu kontekstdə Niderlandın Baş Qərərgah rəisi NATO Alyansında çııxışı zamanı qeyd edib ki, Türkiyənin NATO-dakı rolu daha da artacaq. Qara dəniz, Aralıq dənizi və Yaxın Şərqin kəsişməsində yerləşən Türkiyə NATO-nun cənub-şərq cinahının təhlükəsizliyində mühüm rol oynayır. Alyansın ikinci ən böyük ordusuna malik olan ölkə terrorla mübarizə, Qara dəniz təhlükəsizliyi, kəşfiyyat əməkdaşlığı, miqrasiya axınlarının idarə olunması və regional böhranların qarşısının alınması istiqamətində NATO-nun əsas dayaqlarından biridir.
Son illərdə Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik, Qara dənizdə təhlükəsizlik risklərinin yüksəlməsi və Avropanın müdafiə strategiyasında baş verən dəyişikliklər Türkiyənin strateji əhəmiyyətini daha da artırıb. Məhz bu fonda Onno Eyxelsheym tərəfindən səsləndirilən “Türkiyənin NATO-dakı rolu daha da artacaq” fikri diqqət çəkir. Bəs hazırda Türkiyə alyans üçün hansı funksiyaları yerinə yetirir və gələcəkdə hansı amillər onun rolunu daha da gücləndirə bilər?
Sammitlə bağlı Crossmedia.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov sammitin əhəmiyyəti, eləcə də Türkiyənin NATO-da artan rolu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Ankarada NATO-nun 36-cı sammitinin keçirilməsi ABŞ və Qərbin gələcək təhlükəsizliyi baxımından mühüm əhəmiyətə malikdir. Sammitdə NATO-nun hərbi-siyasi qurum kimi qorunub saxlanılması, onun imkanlarının genişləndirilməsi, təhlükəsizliklə bağlı təhdidlərə qarşı önləyici addımların atılması kimi mühüm məsələlər müzakirə edilir. Bizim üçün qürurverici məqamlardan biri sammitdə Türkiyəyə aparıcı NATO dövləti kimi xüsusi diqqətin göstərilməsi, qardaş dövlətin bu alyansdakı əhəmiyyəti haqqında yüksək fikirlərin səsləndirilməsidir. Xatırladaq ki, NATO-nun Baş katibi Mark Rutte Türkiyənin hərbi gücünü təqdir edən önəmli fikirlər səsləndirdi. Baş katib qeyd etdi ki, Türkiyə müdafiə sənayesi sahəsində böyük uğurlara imza atıb və bu istiqamətdəki səylərini qətiyyətlə davam etdirməkdədir”.

C.Xəlilov qeyd edib ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen də Türkiyənin NATO üçün əhəmiyyətinin inkaredilməz olduğunu bildirdi: “Qeyd etdi ki, Türkiyə NATO daxilində ən böyük silahlı qüvvələrdən birinə malikdir və alyansın həyatında hər zaman mühüm rol oynayıb. Şübhəsiz, Türkiyənin NATO-dakı rolunun güclənməsi qardaş ölkə olaraq Azərbaycanı da qürurlandırmaqda, bizdə fərəh hissi oyatmaqdadır. Biz hər zaman qeyd etmişik ki, Türkiyənin gücü bizim gücümüz, bizim gücümüz Türkiyənin gücüdür. Bu mənada Türkiyənin hərbi gücünün artması bütün türk dünyasının təhlükəsizliyi baxımından mühüm hadisə kimi qiymətləndirilməlidir. Onu da xatırladım ki, Azərbaycanla Türkiyə arasıdna uzun illərdir ki, sıx hərbi əməkaşlıq mövcuddur və bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcək, mütəmadi şəkildə genişləndiriləcək”.
Ayhan
18:15 07.07.2026
Oxunuş sayı: 60