İsrail və ABŞ-nin növbəti təxribatı - gizli hərbi baza narahatlıq yaratdı
Qırmızı dəniz hövzəsi və Afrika Buynuzu uğrunda geosiyasi rəqabətin daha da kəskinləşdiyi bir vaxtda Somalilend yenidən beynəlxalq diqqət mərkəzinə çevrilib. Fransanın “Le Monde” nəşrinin yaydığı məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri Berbera şəhəri yaxınlığında ABŞ və İsrailin də istifadə edə biləcəyi hərbi infrastruktur inşa edir. İddialara əsasən, strateji əhəmiyyət daşıyan bu layihə Yəmən sahilləri, Bab əl-Məndəb boğazı və Qırmızı dənizdəki təhlükəsizlik balansına təsir göstərə biləcək yeni geosiyasi reallıq formalaşdıra bilər. Bununla yanaşı, üçtərəfli hərbi razılaşmanın mövcudluğu rəsmi şəkildə təsdiqlənməyib. Bu fonda bir sıra suallar aktuallaşır: BƏƏ-nin Somalilenddə belə bir hərbi infrastruktur yaratması nə dərəcədə real görünür? Əbu-Dabi bu addımı öz strateji maraqları çərçivəsində atır, yoxsa ABŞ və İsrailin geosiyasi planlarının təsiri altında hərəkət edir?
Mövzu ilə bağlı politoloq Aydın Quliyev Crossmedia.az-a açıqlama verib:
“Somalilənd dünyada çox məhdud şəkildə tanınan separatçı ərazidir. Somali dövlətindən ayrılaraq özünü müstəqil ölkə elan etmiş bu ərazinin İsrail tərəfindən tanınması müasir dünya nizamına və beynəlxalq hüquq normalarına zidd addım kimi qiymətləndirilə bilər. İsrail özünün geosiyasi və təhlükəsizlik maraqlarını həyata keçirmək məqsədilə beynəlxalq hüququn prinsiplərini nəzərə almadan bu ərazinin müstəqilliyini tanıyıb. Aydın məsələdir ki, İsrail Ərəb dünyasında özünə mümkün qədər çox müttəfiq qazanmağa çalışır. Həmin müttəfiqlərin legitim əsaslarla formalaşıb-formalaşmaması və beynəlxalq hüquq baxımından tanınıb-tanınmaması isə görünür ki, İsrail üçün həlledici əhəmiyyət daşımır”.

Politoloq qeyd edib ki, hazırda Somalilənddə Birləşmiş Ərəb Əmirliklərinin xətti ilə həyata keçirilən infrastruktur layihələri müəyyən məqsədyönlü xarakter daşıyır: “Çünki İsrail Somaliləndin müstəqilliyini tanıdıqdan sonra beynəlxalq aləmdə ciddi təzyiqlərlə üzləşdi. Bunun əsas səbəbi isə Somalilənd adlı müstəqil dövlətin dünya xəritəsində və beynəlxalq hüquq sistemində tanınmaması idi. Belə görünür ki, İsrail beynəlxalq reaksiyanın daha da sərtləşə biləcəyindən ehtiyat edərək alternativ variantlara üstünlük verməyə başlayıb. Birləşmiş Ərəb Əmirliklərinin həyata keçirdiyi bu infrastruktur layihələri gələcəkdə ABŞ və İsrailin istifadə edə biləcəyi strateji obyektlər kimi nəzərdə tutula bilər. Görünür ki, İsrail və ya ABŞ birbaşa öz adlarından belə bir infrastruktur yaratmaqdan geri çəkilib. Bunun əvəzində Birləşmiş Ərəb Əmirliklərinin adından bir növ vasitə və ya pərdə kimi istifadə olunur. Belə qənaət yaranır ki, yaradılan infrastrukturun arxasında əslində İsrailin və ya ABŞ-nin maraqları dayanır. Bu layihələrin Birləşmiş Ərəb Əmirliklərinin adı altında həyata keçirilməsi, ehtimal ki, ərəb dünyasında İsrailə və ABŞ-a qarşı daha sərt və aqressiv münasibətin formalaşmasının qarşısını almaq məqsədi daşıyır. Lakin bütün hallarda Somalinin ərazi bütövlüyünün pozulması, onun ərazisinin digər dövlətlərin geosiyasi maraqları naminə istifadə edilə biləcək platformaya çevrilməsi olduqca təhlükəli meyillər yaradır. Bu, beynəlxalq münasibətlər sistemində arzuolunmaz presedent formalaşdırır və belə addımlar nə ABŞ-a, nə də İsrailə uzunmüddətli perspektivdə siyasi dividend və ya üstünlük qazandıra bilər”.
Ayhan
17:53 07.07.2026
Oxunuş sayı: 56