Fransa Suriyanı müstəmləkəyə çevirmək istəyir
Suriyada yeni hakimiyyətin formalaşmasından sonra ölkənin bərpası və xarici tərəfdaşlarla əməkdaşlıq məsələləri yenidən gündəmə gəlib. Keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın infrastruktur layihələri və bank sektorunun bərpasında Fransanın dəstəyinə ümid etdiyini bildirməsi beynəlxalq diqqət çəkib. Bu açıqlama Fransanın Suriyadakı gələcək rolu ilə bağlı müxtəlif müzakirələrə səbəb olub. Bir sıra ekspertlər hesab edir ki, iqtisadi əməkdaşlıq siyasi təsir imkanlarını da artıra bilər. Digər tərəfdən, Suriyada davam edən təhlükəsizlik problemləri və müxtəlif silahlı qruplaşmalar ölkədə sabitliyin tam bərpa olunmasına mane olur. Bu səbəbdən Dəməşqin həm regional, həm də qlobal güclərlə münasibətlərini eyni vaxtda qorumağa çalışdığı bildirilir. Fransa ilə əməkdaşlıq perspektivi də bu kontekstdə dəyərləndirilir. Mövzu ilə bağlı müxtəlif yanaşmalar səsləndirilir.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Azad Məsiyev bildirib ki, ABŞ uzun illər "Ərəb baharı" və demokratiya şüarları altında Yaxın Şərq ölkələrində hakimiyyət dəyişikliklərinə nail olmağa çalışıb: "Suriyada Bəşər Əsəd bu proseslərə müqavimət göstərdiyi üçün Qərb müxtəlif silahlı qruplaşmaları dəstəkləyərək ölkədə sabitliyi pozmağa çalışıb. Politoloq bildirib ki, İŞİD-in formalaşmasında da Qərbin, xüsusilə Fransanın rolu olub və hətta Fransaya məxsus sement zavodu vasitəsilə bu terror təşkilatına maliyyə dəstəyi göstərilməsi ilə bağlı beynəlxalq araşdırmalar aparılıb: "Bəşər Əsəd devrildikdən sonra hakimiyyətə gələn Əhməd Əl Şaraa Türkiyə başda olmaqla region ölkələri ilə əməkdaşlığı genişləndirib, eyni zamanda Rusiya, Azərbaycan və digər təsir gücünə malik dövlətlərlə diplomatik əlaqələri inkişaf etdirməyə çalışıb".

Politoloqun fikrincə, buna baxmayaraq, Suriya daxilində hələ də müxtəlif silahlı qruplaşmalar fəaliyyət göstərir və onların arxasında Fransa dayanır. Bu qrupların vahid ordunun yaradılmasına maneə törətdiyini deyən ekspert hesab edir ki, Əl Şaraanın Fransa ilə əməkdaşlıq istəyi də məhz Fransanın təsiri altında olan silahlı birləşmələri neytrallaşdırmaq və ölkədə vahid dövlət idarəçiliyini formalaşdırmaq məqsədi daşıyır: "Fransa tarixən imperialist maraqlarından çıxış edib və demokratiya anlayışından öz geosiyasi maraqları naminə istifadə edib. Suriyanın zəngin neft ehtiyatları və Yaxın Şərqdə strateji mövqeyi Fransanın maraqlarını artıran əsas amillərdəndir. Hazırkı vəziyyətdə Suriyada tayfa birləşmələri, terror təşkilatları və müxtəlif silahlı qruplar fəaliyyət göstərdiyi üçün Əl Şaraa həm Rusiya, həm Türkiyə, həm İran, həm də ABŞ daxil olmaqla müxtəlif güclərlə paralel əməkdaşlıq etməyə məcburdur. Məqsəd Suriyada vahid ordunun yaradılması, dövlət institutlarının bərpası və uzun illər davam edən xaosun aradan qaldırılmasıdır.Fransa ilə əməkdaşlıq da bu mürəkkəb şəraitdə Suriyanın məcbur qaldığı addımlardan biridir və Dəməşq müxtəlif xarici güclərin maraqlarını nəzərə alaraq ölkədə sabitliyi bərpa etməyə çalışır".
Zeynəb Həsən
18:45 07.07.2026
Oxunuş sayı: 131