Paşinyanın Rusiyaya səfərinin əsl məqsədi açıqlandı: Dünya necə aldadılır?
Ermənistanda keçirilən parlament seçkilərindən sonra Baş nazir Nikol Paşinyanın ilk işgüzar səfərini Rusiyaya etməsi regional və qlobal analitiklər tərəfindən geniş müzakirə olunmaqdadır. Son bir ildə İrəvan-Moskva xəttində yaranmış görünməmiş gərginlik fonunda reallaşan bu addım, sadəcə növbəti diplomatik protokol deyil, mürəkkəb siyasi reallıqların diktə etdiyi bir gediş kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, bu səfər Ermənistanın Kremlin siyasi orbitinə tamamilə qayıtması anlamına gəlməsə də, İrəvanın həm Rusiya, həm Qərb, həm də daxili auditoriya qarşısında riskləri minimuma endirmək və Moskvanın təzyiqini yumşaltmaq məqsədi daşıyan praqmatik gedişidir.

Məsələ ilə bağlı “Yeni Müsavat” Media Qrupun sədri Rauf Arifoğlu Crossmedia.az-a açıqlama verib.
O, deyib ki, Paşinyan Kremlin “qapısına qayıtmır”, onun qəzəbini yumşaltmaq istəyir : “Hesab edirəm ki, Paşinyanın parlament seçkilərindən sonra ilk işgüzar səfərini Rusiyaya etməsi adi diplomatik protokol deyil. Bu, məcburiyyətin diktə etdiyi siyasi gedişdir və arxasında ciddi geosiyasi hesablamalar dayanır.
Son bir ildə Rusiya hakimiyyətinin yüksək vəzifəli nümayəndələri, Kremlə yaxın siyasi dairələr və Rusiya mediası Paşinyana qarşı misli görünməmiş dərəcədə sərt mövqe nümayiş etdiriblər. Xüsusi ilə bu seçkiqabağı dövrdə və ondan sonra daha da şiddətləndi. Ermənistan rəhbərliyi dəfələrlə “Qərbin layihəsi”, “Rusiyaya xəyanət edən hakimiyyət”, “Cənubi Qafqazda Moskvanın maraqlarını sarsıdan qüvvə” kimi təqdim olunur. Rusiya telekanallarında, siyasi tok-şoularda və ekspert müzakirələrində Paşinyan davamlı olaraq tənqid və təhqir hədəfinə çevrilib. Ermənistan daxilində baş verən proseslərə Moskvanın açıq narazılığı gizlədilmir.
Son aylarda İrəvanda barələrində cinayət dosyeləri açılan, təqib olunan və saxlanılan erməni əsilli Rusiya iş adamları ətrafında yaranan gərginlik, Rusiya yönümlü elektorata yönələn təzyiqlər, eləcə də Kremlin Ermənistandakı daxili siyasi proseslərə münasibəti göstərdi ki, Moskva İrəvana ciddi xəbərdarlıq mesajları göndərir. Ermənistan hakimiyyəti artıq anlayır ki, Rusiya ilə münasibətlərin tam qırılması ölkə üçün ağır iqtisadi və siyasi nəticələr doğura bilər”.
Onun fikrincə, belə bir şəraitdə Paşinyanın seçkilərdən dərhal sonra ilk səfərini Rusiyaya etməsi təsadüfi sayıla bilməz: “ Məncə, bu səfərin əsas məqsədi Rusiyaya yaxınlaşmaq deyil, Kremlin qəzəbini müəyyən qədər yumşaltmaq, münasibətləri idarəolunan vəziyyətdə saxlamaqdır.
Paşinyan Yekaterinburqda Rusiya Baş naziri Mixail Mişustinlə görüşdə özü də etiraf etdi ki, son dövrdə Ermənistan-Rusiya münasibətlərində problemli məsələlər yaranıb və onların həlli üçün dialoqa ehtiyac var. Bu etirafın özü göstərir ki, İrəvan artıq böhranın dərinliyini qəbul edir. Hesab edirəm ki, Paşinyan bu səfərlə eyni vaxtda üç mərkəzə mesaj göndərdi.
Birinci mesaj Moskvaya idi: “Biz Qərblə əməkdaşlıq edirik, amma Rusiyanı tam itirmək istəmirik.”
İkinci mesaj Qərbə idi: “Ermənistanın geosiyasi reallıqları var və biz bütün körpüləri bir anda yandıra bilmərik.” Paşinyan Qərbə də göstərir ki, Ermənistanın manevr imkanları var və İrəvan xarici siyasətini yalnız bir mərkəzdən asılı vəziyyətə salmaq istəmir.
Erməni siyasi şərhçiləri də səfəri daha çox simvolik addım kimi qiymətləndirirlər. “Sputnik Ermənistan”ın istinad etdiyi politoloq Qrant Mikaelyan bildirib ki, Paşinyanın seçkidən sonra Yekaterinburqa ilk səfəri münasibətlərdə real dönüş anlamına gəlmir, hələlik səslənən fikirlər diplomatik formulalardan ibarətdir.
Üçüncü mesaj isə Ermənistan cəmiyyətinə ünvanlanmışdı. Paşinyan göstərmək istəyirdi ki, seçkilərdə aldığı mandat ona emosional deyil, praqmatik siyasət aparmaq imkanı verir.
Paşinyan Rusiyapərəst müxalifətin “hakimiyyət Ermənistanı Rusiyadan qoparır” ittihamlarını neytrallaşdırmağa çalışır”.
Müsahibimiz düşünür ki, Paşinyan bu gün çox mürəkkəb vəziyyətdədir: “Bir tərəfdən Avropa İttifaqı və ABŞ-la yaxınlaşmanı davam etdirmək istəyir, digər tərəfdən isə anlayır ki, Ermənistanın enerji sistemi, iqtisadi əlaqələri, ticarət dövriyyəsi, əmək miqrasiyası və təhlükəsizlik mühitində Rusiyanın təsiri hələ də çox böyükdür. Bu reallıqdan qaçmaq mümkün deyil. Bu, seçkilərdən sonra siyasi zərurətdən doğan addımdır. Bu, Paşinyanın Kremlin siyasi orbitinə qayıtması anlamına gəlmir. Amma o, yaxşı başa düşür ki, Moskvanı tamamilə qarşısına almaq Ermənistan üçün hazırkı mərhələdə ciddi risklər yarada bilər.
Ona görə də mən bu səfəri belə qiymətləndirirəm: Paşinyan Rusiyaya dəstək almağa yox, Moskvanın təzyiqini azaltmağa getmişdi. Məncə, bu səfərin əsas siyasi mahiyyəti də məhz bundan ibarətdir".
Turqut Ansari
18:30 07.07.2026
Oxunuş sayı: 74