Ukrayna məsələsi ikinci plana keçib: Müharibə bu il də bitməyəcək
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla telefon danışığı barədə danışarkən deyib.
“Biz Ankarada keçiriləcək NATO sammiti zamanı söhbəti şəxsən davam etdirmək barədə razılığa gəldik”, – Zelenski vurğulayıb.
O qeyd edib ki, müharibəyə son qoymaq üçün real perspektiv var və ABŞ-in qətiyyəti həlledici olacaq.
Zelenskinin müharibənin başa çatması üçün "real perspektivin" olduğunu bəyan etməsi və bu prosesdə ABŞ-in qətiyyətini həlledici amil kimi göstərməsi sülh danışıqları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bu açıqlamaların fonunda müharibənin gedişatı və diplomatik həll imkanları diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az saytına müsahibə verib:

– Siz müharibənin yaxın zamanda bitməsini real hesab edirsiniz?
– Müharibənin yaxın zamanda bitməsi real görünmür. Hər iki tərəf zaman-zaman sülhdən danışsa da, faktiki olaraq sülhün əldə edilməsi üçün zəruri addımlar atılmır. Rusiya işğal altında saxladığı Ukrayna ərazilərini boşaltmaq niyyətində deyil. Ukrayna isə həmin ərazilər azad olunmadığı müddətdə Rusiya ilə sülh sazişi imzalamağa hazır olmadığını bildirir. Tərəflərin mövqeləri arasında bu qədər ciddi fərqlərin olması sülhün əldə edilməsini xeyli çətinləşdirir.
– Hazırkı şəraitdə sülh danışıqlarının irəliləməsi üçün real danışıqlar var?
– Hazırda sülh prosesinin irəliləməsi istiqamətində ciddi addımlar müşahidə olunmur. Daha çox siyasi bəyanatlar səsləndirilir. Aktiv görüşlər, intensiv danışıqlar və ya konkret razılaşmaların əldə olunmasına yönəlmiş real təşəbbüslər görünmür. Buna görə də yaxın perspektivdə diplomatik irəliləyiş gözləmək çətindir.
– Ukraynanın Rusiya ərazilərinə hücumları sülh danışıqlarının yaxınlaşmasında nə qədər effektlidir?
– Ukrayna müharibənin aparılması metodlarında müəyyən uğurlu dəyişikliklərə nail olub. Son dövrlərdə uzaqmənzilli raketlər və ölkədə istehsal olunan yerli dronlar vasitəsilə Rusiyanın təxminən 1700 kilometr dərinliyində yerləşən hədəflərə zərbələr endirilir. Bununla belə, quru əməliyyatları baxımından Ukrayna yeni ərazilərin azad edilməsi istiqamətində ciddi uğur əldə edə bilmir. Bu sahədə Rusiya daha aktiv görünür, baxmayaraq ki, onun hücum tempi də yüksək deyil. Nəticə etibarilə, raket və dron zərbələri Ukraynanın hərbi imkanlarını artırsa da, bunların sülh danışıqlarını yaxınlaşdırdığı hələ ki müşahidə olunmur.
– Bəzilərinin fikrincə, Ukraynanın bu addımları Rusiyanı daha radikal qərarlar qəbul etməyə, o cümlədən silahlı müttəfiqlər cəlb etməyə sövq edə bilər. Bu ehtimalı necə qiymətləndirirsiniz?
– Ukraynanın xüsusilə Rusiyanın enerji sektoruna endirdiyi zərbələr müəyyən problemlər yaratsa da, bu, daha çox Rusiyanın cavab tədbirlərini sərtləşdirməsi ilə nəticələnir. Moskva buna cavab olaraq Ukraynada mülki infrastruktur obyektlərinə zərbələri artırmağa, Kiyevdə narazılığı dərinləşdirməyə, qaçqınların sayını artırmağa və Ukrayna ordusunun müqavimət əzmini zəiflətməyə çalışır. Hazırkı mərhələdə isə heç bir tərəf özünü məğlub hesab etmir və bu səbəbdən hərbi əməliyyatların davam edəcəyi gözlənilir. Məncə, bu il ərzində müharibənin başa çatması ehtimalı da aşağıdır.
– ABŞ-in mümkün fəallığı və NATO çərçivəsində aparılan müzakirələr müharibənin gedişatına və sülh prosesinə hansı təsiri göstərə bilər?
– Yaxın perspektivdə ABŞ-in Ukrayna müharibəsi ilə bağlı fəallığının əhəmiyyətli dərəcədə artacağı gözlənilmir. Hazırda Vaşinqtonun əsas diqqəti İran istiqamətinə yönəlib. Bundan başqa, Venesuela və Kuba ilə bağlı gündəmdə olan məsələlər də ABŞ-in xarici siyasət prioritetləri sırasındadır. Bu səbəbdən Ukrayna məsələsi müəyyən mənada ikinci plana keçib. Belə bir şəraitdə ABŞ-in Rusiya və Ukrayna arasında sülh prosesinə həlledici təsir göstərəcəyini gözləmək çətindir.
Nigar Xəlilli
14:00 07.07.2026
Oxunuş sayı: 66