Tramp sülh üçün Rusiyaya təzyiq göstərməlidir - Ekspert
ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsinin nizamlanması istiqamətində diplomatik fəallığını yenidən artırması beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Moskva və Kiyevlə sülh məsələsini müzakirə etmək üçün əlaqə saxlayan Trampın bu addımı müxtəlif siyasi dairələrdə fərqli qiymətləndirilir. Bəziləri bunu Vaşinqtonun qlobal nüfuzunu gücləndirmək cəhdi kimi dəyərləndirir, digərləri isə ABŞ-nin dəyişən geosiyasi maraqları ilə əlaqələndirir. Digər tərəfdən, hazırda Ukrayna cəbhədə fəallığını artıraraq Rusiya ərazisinin müxtəlif istiqamətlərinə zərbələr endirir. Belə bir şəraitdə Kiyevin danışıqlara hansı şərtlərlə razılıq verə biləcəyi də əsas müzakirə mövzularındandır.
Politoloq
Elçin Xalidbəyli mövzu ilə bağlı fikirlərini Crossmedia.az-la bölüşüb:
“ABŞ prezidenti Donald Trampın yenidən
Ukrayna müharibəsinin nizamlanması prosesinə qayıtması ABŞ-nin geosiyasi
maraqları ilə birbaşa bağlıdır. Çünki ABŞ Yaxın Şərqdə hərbi kampaniyanı
uğursuz apardı və bu istiqamətdə kifayət qədər ciddi mənfi nəticələrlə üz-üzə
qaldı. Hazırda Yaxın Şərq böhranının nizamlanması prosesində də Vaşinqtonun
mövqeyi əvvəlki qədər ümidverici görünmür. Ona görə də ABŞ Ukrayna üzrə vasitəçilik
missiyasına yenidən qayıtmaqla qlobal gündəmi dəyişməyə, eyni zamanda beynəlxalq
nüfuzunu başqa istiqamətdə bərpa etməyə çalışır. Ancaq hazırda elə bir vəziyyət
yaranıb ki, bu şəraitdə Donald Trampın əvvəlki dövrlərdə olduğu kimi davranmaq
imkanları o qədər də geniş deyil. Çünki Ukrayna Rusiyanın dərinliklərinə dəqiq
və sərt zərbələr endirir və Rusiya hazırda kifayət qədər çətin vəziyyətdədir.
Rusiyanın enerji infrastrukturu zərbələrə məruz qalmaqda davam edir və ölkədə
enerji sahəsində ciddi problemlər yaşanır. Belə bir şəraitdə Donald Trampın əvvəlki
kimi Vladimir Putinlə anlaşaraq Ukraynaya münasibətdə Rusiyanın maraqlarına
uyğun mövqe tutmaq imkanları xeyli məhdudlaşıb. Bu da onu göstərir ki, əgər o,
həqiqətən vasitəçilik missiyasını yerinə yetirmək istəyirsə, bu dəfə əvvəlki
mövqeyindən fərqli istiqamətdə fəaliyyət göstərməli olacaq”.

Politoloq
əlavə edib ki, Avropa ölkələri də Ukraynaya dəstəyi qoruyub saxlayırlar və Ağ
Ev rəhbəri bu amili də nəzərə almağa məcburdur: “Yəni mövcud vəziyyət göstərir
ki, Ukraynanı Rusiyanın şərtləri çərçivəsində sülh sazişinə razı salmaq o qədər
də asan məsələ deyil və bu, Tramp üçün ciddi çətinliklər yarada bilər. Tramp, əgər
doğrudan da sülh sazişinə nail olmaq istəyirsə, təkcə Ukraynaya deyil, Rusiyaya
da təzyiq göstərməyə məcbur olacaq. Rusiyanın bu təzyiqlərə necə reaksiya verəcəyi
isə hələlik qeyri-müəyyəndir. Trampın hazırkı geosiyasi şəraitdə vasitəçilik
missiyası ilə uğur qazanmasının o qədər də inandırıcı görünmədiyi qənaəti
formalaşır”.
Ayhan
16:30 06.07.2026
Oxunuş sayı: 67