Rusiya siyasi mesaj verdi - Paşinyan tədbirə çağırılmadı
Ermənistan Baş naziri Nikol Paşinyanın adı “İNNOPROM-2026” sərgisinə dəvət olunan spikerlərin siyahısından çıxarılıb. Əvvəlcə həm sərginin rəsmi saytında, həm də Rusiya mətbuatında Paşinyanın sərgidə iştirak edəcəyi qeyd olunsa da, sonradan Ermənistan Baş nazirinin adı tədbirin saytında əks olunmuş spikerlər siyahısından çıxarılıb. Bu addımın səbəbləri rəsmi şəkildə açıqlanmasa da, ekspertlər bunu Moskva-İrəvan münasibətlərində müşahidə olunan gərginlik fonunda qiymətləndirirlər. Politoloqlar hesab edirlər ki, hadisə iki ölkə arasında siyasi münasibətlərin gələcək istiqaməti ilə bağlı müəyyən mesajlar daşıya bilər.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Aydın Quliyev bildirib ki, Paşinyanın spikerlər siyahısından çıxarılmasının dəqiq səbəbi məlum deyil: "Bu, ya Paşinyanın özünün tədbirdə iştirakdan imtina etməsi, ya da son dövrlər Rusiya-Ermənistan münasibətlərində yaranmış gərginlik fonunda Moskvanın təzyiq xarakterli addımı ola bilər. İkinci ehtimal daha real görünür və Rusiya bununla Paşinyana siyasi mesaj verməyə çalışır. Paşinyanın özü dəfələrlə Rusiya ilə münasibətlərin normallaşdırılmasında maraqlı olduğunu bəyan edib və bu səbəbdən onun tədbirdən könüllü imtina etməsi inandırıcı görünmür. Ermənistanın son illərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyətini məhdudlaşdırması və Avropa İttifaqı ilə yaxınlaşma siyasəti Rusiyada Paşinyana qarşı inamsızlığın artmasına səbəb olub".

Aydın Quliyev hesab edir ki, yaxın dövrdə Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək mümkün görüş iki ölkə arasındakı münasibətlərin gələcək istiqamətini müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyacaq: "Həmin görüşdə seçkilərdən sonrakı dövrdə Moskva-İrəvan münasibətlərinin hansı məcrada inkişaf edəcəyi daha aydın görünəcək".
Zeynəb Həsən
19:00 06.07.2026
Oxunuş sayı: 52