Putinin reytinqi azalır - Rusiya daxilində narazılıq artır
Rusiyada son aylarda müşahidə olunan benzin qıtlığı və yanacaq bazarında yaranmış problemlər ölkə iqtisadiyyatının vəziyyəti ilə bağlı müzakirələri gücləndirib. Ekspertlər hesab edirlər ki, mövcud vəziyyət təkcə enerji sektoruna deyil, ümumilikdə iqtisadi sabitliyə və ictimai rəyə də təsir göstərə bilər. Xüsusilə Qərb sanksiyaları və müharibənin yaratdığı iqtisadi yükün bu prosesdə mühüm rol oynadığı vurğulanır. Bütün bu sosial-iqtisadi problemlər ölkə başçısı Vladimir Putinin reytinqinə mənfi təsir göstərir. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) iyunun 22-28-i tarixlərində keçirdiyi sorğunun nəticələrinə əsasən, Putinə etimad səviyyəsi bir həftə ərzində 3,4 faiz bəndi azalaraq 73,3 faizə enib.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Aydın Tağıyev bildirib ki, Rusiyada yaşanan benzin böhranı həm iqtisadi zəifliklərin, həm də müharibənin təsirlərinin açıq göstəricisidir: "Bu vəziyyət qısamüddətli dövrdə prezident Vladimir Putinin reytinqinə mənfi təsir etsə də, uzunmüddətli nəticələr Kremlin böhranı necə idarə etməsindən asılı olacaq. Qərb sanksiyaları səbəbindən zədələnmiş neft emalı zavodlarının bərpası üçün lazım olan avadanlıq və ehtiyat hissələrinin idxalı çətinləşib ki, bu da böhranın uzanmasına səbəb ola bilər. Neft və yanacaq ixracı Rusiyanın dövlət büdcəsinin əsas gəlir mənbələrindən biridir və sanksiyalarla yanaşı hücumlar da bu gəlirləri məhdudlaşdırır. Böhran uzun sürərsə, kənd təsərrüfatı, nəqliyyat və istehsal sektorları ciddi zərbə alacaq, bu isə iqtisadi böhranın dərinləşməsinə və ictimai narazılığın artmasına gətirib çıxara bilər".

Politoloq hesab edir ki, benzin böhranı Rusiyanın struktur problemlərini, enerji sektorundan yüksək asılılığını və sanksiyalar qarşısında dayanıqsızlığını üzə çıxarır: "Putinin reytinqinin gələcək taleyi böhranın nə qədər davam etməsindən və Kremlin vəziyyəti nə dərəcədə effektiv idarə edə bilməsindən asılı olacaq".
Zeynəb Həsən
15:00 06.07.2026
Oxunuş sayı: 48