Zelenski bəyan etdi: Ukrayna müharibədə dönüş nöqtəsinə hazırlaşır
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi ballistik raketlərin və raket əleyhinə müdafiə sistemlərinin sınaqlarını və istehsalını sürətləndirəcək.
Zelenski rəsmi paylaşdığı açıqlamada Ukraynanın müdafiə-sənaye kompleksinin imkanlarının xüsusi şəkildə qiymətləndirildiyini və bunun nəticəsində raket proqramının sürətləndirilməsi ilə bağlı konkret qərarlar qəbul edildiyini deyib.
"Raket proqramımızı inkişaf etdirən, xüsusilə də effektiv Ukrayna ballistik raketləri və raket əleyhinə müdafiə sistemi üzərində çalışan bütün mütəxəssislərimizə təşəkkür edirəm", – deyə Zelenski bildirib.
Prezident qeyd edib ki, iclas zamanı beynəlxalq tərəfdaşlardan hava hücumundan müdafiə sistemlərinin tədarük qrafiki və həcmləri də ayrıca müzakirə olunub.
Onun sözlərinə görə, yaxın günlərdə Ukrayna diplomatlarının əsas vəzifəsi ölkənin şəhərlərini qorumaq üçün əlavə hava hücumundan müdafiə vasitələrinin cəlb edilməsinə nail olmaq olacaq.
"Yaxın günlərdə bütün diplomatik fəaliyyətimizin, bütün görüş və danışıqların əsas prioriteti məhz Ukrayna üçün hava hücumundan müdafiə sistemləri olacaq", – deyə Zelenski vurğulayıb.
Məlum olduğu kimi, Ukrayna son zamanlar Rusiyanın hərbi və enerji təyinatlı obyektlərinə zərbələri gücləndirib. Müharibə artıq faktiki olaraq Rusiya ərazisinə keçib. Belə bir şəraitdə Rusiya da Ukraynanın yaşayış məntəqələrinə zərbələri intensivləşdirib.
Zelenskinin fikirləri rəsmi Kiyevin strateji və taktiki məqsədlərindən xəbər verir. Raketlərin, o cümlədən ballistik raketlərin sınaq və istehsalının gücləndirilməsi o deməkdir ki, Ukrayna qarşıdakı dövrdə Rusiyaya təzyiqləri artıra bilər. Sözsüz ki, bu, bir neçə əsas məqsədə hesablanıb. Birincisi, müharibənin ağırlığını Rusiya ərazisinə keçirmək və xalqın hakimiyyətdən narazılığını artırmaq. İkincisi, Rusiya hərbi-siyasi elitasında çaxnaşma və gərginlik yaratmaq. Üçüncüsü, Moskvanı diplomatik güsəştlərə məcbur etmək. Belə ki, Ruaiya hələ maksimalist iddialarından əl çəkmir. Ukraynanın istədiyi isə hərbi sahədə təzyiqlə diplomatik müstəvidə nəticəyə nail olmaqdır.
O da nəlumdur ki, qışa doğru vəziyyət daha da ağırlaşacaq. Enerji böhranı ilə üzləşən Rusiya qışın keçməsində çətinlik çəkəcək. Bu da xalq arasında hakimiyyətin müharibə siyasətinə qarşı narazılığı artıracaq.
Üstəlik, sentyabrda Rusiyada parlament seçkiləri keçiriləcək. Hazırda baş verən proseslər təbii ki, hakim "Vahid Rusiya" partiyasının şanslarını azaldır.
Zelenskinin ölkənin hava hücumundan müdafiəsinin gücləndirilməsinə dair fikirləri iaə göstərir ki, rəsmi Kiyev həm də cavab tədbirlərinə hazırlaşır.
Əlbəttə, Ukrayna liderlərinin bu fikirlərini Rusiyaya qarşı psixoloji müharibənin tərkib hissəsi kimi də qiymətləndirə biıərik.
Bütün hallarda demək olar ki, qarşıdakı aylarda həm Rusiya-Ukrayna cəbhəsində, həm də Rusiya daxilində ciddi proseslərin şahidi olacağıq.
09:54 06.07.2026
Oxunuş sayı: 50