Rusiya- Ukrayna müharibəsində yeni mərhələyə az qalıb- Tarix açıqlandı
Ukraynanın Rusiyaya intensiv zərbələri Şərqi Avropadakı müharibədə tamamilə fərqli vəziyyət yaradıb. Buna cavab olaraq Rusiya da Ukraynanın yaşayış məntəqələrini hədəf alır. Bəzi ekspertlərin fikrincə, savaşda yeni mərhələ başlayıb.

Hərbi ekspert Heydər Mirzə proseslərin mümkün inkişaf dinamikası barədə Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Rusiyanın cavabı əsasən hava hücumları formasında olacaq:
"Buraya raket və aviasiya zərbələrinin intensivləşdirilməsi daxildir. Hazırkı mərhələdə Moskvanın genişmiqyaslı quru əməliyyatına başlamağa hazır olduğunu düşünmürəm".
Ekspert əlavə edib ki, yayın sonuna doğru Ukraynanın gözlənilməz genişmiqyaslı əks-hücuma keçməsi ehtimalı daha yüksəkdir:
"Ümumiyyətlə, tərəflərdən hansının hücuma keçməsindən asılı olmayaraq, bunun məhz yayın sonuna təsadüf edəcəyini gözləyirəm. Çünki həmin dövrdən sonra hava şəraitinin dəyişməsi müdafiə olunan tərəfin əks tədbirlər görməsini çətinləşdirə bilər və bu, hücuma keçən tərəfə taktiki üstünlük qazandırır".
H.Mirzə vurğulayıb ki, Ukrayna daha çox hava hücumlarının miqyasını, intensivliyini və effektivliyini artırmağa çalışır:
"Rusiya isə cavab olaraq mülki infrastrukturu hədəfə alan zərbələr endirə bilər. Bu, hərbi deyil, daha çox siyasi təzyiq və cəza xarakteri daşıyan addımlardır. Bununla belə, yaxın perspektivdə Rusiyanın quru istiqamətində genişmiqyaslı aktiv əməliyyatlara başlayacağını gözləmirəm".
Nigar Xəlilli
16:30 04.07.2026
Oxunuş sayı: 49