Ermənistan və Azərbaycan arasında yeni əməkdaşlıq - neft ixracı artacaq
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə elektrik xətlərinin çəkilməsinin ölkəsinin enerji təhlükəsizliyini artıracağını bildirib. Bu açıqlama regionda enerji əməkdaşlığının perspektivlərini yenidən gündəmə gətirib. Mütəxəssislər hesab edirlər ki, belə layihələr təkcə enerji təhlükəsizliyi baxımından deyil, iqtisadi əlaqələrin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bu cür layihələr Azərbaycanın elektrik enerjisi ixracını genişləndirmək planlarına da uyğun gəlir. Regional enerji bağlantılarının güclənməsi yeni iqtisadi imkanlar yarada bilər.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanın neft və qaz ixracından sonra əsas inkişaf istiqamətlərindən biri elektrik enerjisinin ixracını genişləndirməkdir. Onun sözlərinə görə, hazırda ölkə əsasən Gürcüstana elektrik enerjisi ixrac edir və gələcəkdə Gürcüstan üzərindən Qara dənizin dibi ilə Rumıniya və Macarıstana yaşıl enerji ötürülməsi planlaşdırılır.

Ekspert qeyd edib ki, Azərbaycan üçün Naxçıvan, Türkiyə və Ermənistan istiqamətində elektrik enerjisi ixracı ölkənin maraqlarına uyğundur: "Bu, həm qeyri-neft sektorunun ixracını artıracaq, həm yeni bazarlar qazandıracaq, həm də Naxçıvanın enerji təhlükəsizliyinə ciddi töhfə verəcək. Elektrik enerjisinin Ermənistana və Türkiyəyə satılması əlavə gəlir mənbəyi olmaqla yanaşı, region ölkələri arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsinə də xidmət edəcək. Bu, həm region ölkələrinin gələcək əməkdaşlığının möhkəmlənməsinə gətirib çıxarır, həm də eyni zamanda ölkəmizin qeyri-neft ixracı üçün əlavə mənbələrdən birinə çevrilir".
Zeynəb Həsən
17:00 03.07.2026
Oxunuş sayı: 52