Məmmədyarov İsrailin "erməni soyqırımını" tanımasından danışdı: Məqsədə çata bilmədilər
Tarixi hadisələr və keçmişin ağrılı səhifələri müasir beynəlxalq münasibətlərdə tez-tez siyasi təzyiq və maraqların toqquşma alətinə çevrilir. Qlobal güclərin və regional oyunçuların geosiyasi gedişləri fonunda tarixi reallıqlar bəzən manipulyasiya edilir, bəzən isə cari siyasi gərginliklərin cavab reaksiyası kimi gündəmə gətirilir. Dövlətlərin bəzi tarixi iddiaları tanıma və ya tanımama qərarları, əslində, keçmişə verilən qiymətdən daha çox, bu günün diplomatik masasında qazanılacaq xallara və qarşı tərəfə ötürülən strateji mesajlara xidmət edir. Belə bir mürəkkəb mühitdə milli maraqların qorunması, müttəfiqlik sadiqliyi və gələcəyə yönəlmiş praqmatik addımlar regionun gələcək simasını müəyyən edən əsas amillər kimi çıxış edir. İsrailin də qondarma erməni soyqırımını tanıması beynəlxalq ictimaiyyətdə, o cümlədən, Azərbaycan və Türkiyə mediasında səs-küy doğurub. Bütün bunlarla bağlı sabiq xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az-ın suallarını cavablandırıb.
- İsrailin qondarma erməni soyqırımını tanımasının səbəbi nədir?
-Türkiyədə ilə İsrail arasındakı əlaqələr kifayət qədər yaxşı deyil. İsrail tərəfi ona görə belə bir addım atdı ki, Türkiyə buna reaksiya vermiş olsun, lakin gözlənilən nəticəni əldə edə bilmədilər, Türkiyə buna elə də ciddi reaksiya vermədi. Türkiyə xarici işlər naziri Hakan Fidan qeyd edib ki, İsrailin bu addımı Qəzzadakı faciəni unutdurmağa, dünya gündəmindən salmağa hesablanıb. Təbii ki, bu mümkün deyil. Çünki, bu qondarma soyqırımı bir neçə ölkə tanıyıb, reallıq isə dəyişməyib. Qəzza isə bütün dünyanın gözü önündədir.
- Sizcə burada hər hansı bir siyasi mesaj varmı?
-Fikrimcə bu, Türkiyəyə siyasi mesajdır. Çünki, İsrail Türkiyənin Qəzzaya olan həssas yanaşmasını qəbul etmir və buna cavab olaraq bu addımı atır.
- Azərbaycanın reaksiyası necə olmalıdır?
- Türkiyə və Azərbaycan müttəfiqdir. İsraillə münasibətlərimiz yaxşı olsa belə, məsələyə Xarici İşlər Nazirliyi səviyyəsində öz bəyanatımızla diplomatik cavab verdik.
- Bu qərar Azərbaycan və İsrail arasındakı münasibətlərə necə təsir edəcək?
- Bu qərar iki ölkə arasındakı münasibətlərə ciddi şəkildə təsir etməyəcək.
- Bundan sonra Holokos faciəsinə münasibət dəyişə bilər?
-Təbii ki, xeyr. Holokos faciəsi bütün dünyada sübut olunan, hər kəs tərəfindən qəbul edilən və həqiqətən də, baş vermiş bir soyqırımdır. Amma ermənilər Türkiyənin araşdırma tələblərinə baxmayaraq, bu qondarma soyqırımı araşdırmaqdan imtina edirlər. Əgər, həqiqətən, belə bir anlayış varsa, niyə bundan yayınırlar?
- Əgər ABŞ və Türkiyə arasında yaxşı münasibətlər varsa, ABŞ və İsrail də müttəfiqdirsə, onda qərarla bağlı Vaşinqtonun Təl- Əvinə mənfi reaksiyasını görə bilərikmi?
-Belə bir reaksiya olmayacaq. Çünki, ABŞ özü də bu qondarma soyqırımı tanıyıb. Belə olan halda ABŞ təbii ki, İsrailə diplomatik müstəvidə hər hansı bir mənfi reaksiya verilməyəcək.
- Rəsmi İrəvanın məsələyə münasibətini necə qiymətləndirirsiniz? Sizcə bu münasibət adekvatdırmı?
- Baş nazir Nikol Paşinyanın fəlsəfəsi müsbət yöndədir. O, hər zaman qeyd edib ki, məsələni tarixçilərin öhdəsinə vermək, bu mövzunu siyasətdən uzaq tutmaq lazımdır. Paşinyan "maşın sürərkən yalnız arxa güzgülərə baxmaq, qəza törətmək deməkdir" fəlsəfəsi ilə yanaşır və münasibətlərin yaxşılaşmasına yönələn addımlar atır.
Turqut Ansari
09:02 02.07.2026
Oxunuş sayı: 48