İran istənilən vaxt bölgədəki ABŞ müttəfiqlərinə qarşı addımlar ata bilər
İran Prezidenti Məsud Pezeşkian "X" sosial media hesabında paylaşım edib ki, ABŞ anlaşma memorandumuna sadiq qalarsa, İran da öz öhdəliklərinə əməl edəcək. "Anlaşma ikitərəfli bir məsələdir. Əgər Amerika tərəfi anlaşmaya sadiq qalarsa, biz də öz öhdəliklərimizə əməl edəcəyik". Tərəflər arasında uzun müddətdir davam edən münaqişənin bitməsi ilə bağlı hər iki tərəfdən bəyanat gəlsə də real addım atılmır və sülh imzalanmır. Maraqlıdır Pezeşkianın bu bəyanatından sonra ABŞ danışıqlar masasında verdiyi vədlərə əməl edəcəkmi?
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Aydın Quliyev bildirib ki, həm İran, həm də ABŞ memoranduma yalnız qarşı tərəf öhdəliklərinə əməl edəcəyi halda sadiq qalacağını bəyan edir. Onun sözlərinə görə, bu, tərəflər arasında dərin inamsızlığın davam etdiyini göstərir: "Bu, açıq-aşkar onun ifadəsidir ki, tərəflər böyük təntənə ilə memorandum imzalasalar da, bir-birlərinə inanmırlar və aralarında dərin inamsızlıq uçurumu mövcuddur. Belə şəraitdə danışıqların növbəti mərhələlərində ciddi uğurların əldə olunma şansı çox aşağıdır."

Politoloq qeyd edib ki, uzunmüddətli və sabit sülh üçün yekun sülh sazişinin imzalanmasına ehtiyac var: "Lakin İranın nüvə proqramı, dondurulmuş aktivlərinin açılması, müharibə nəticəsində vurulmuş ziyanın kompensasiya olunması kimi məsələlərdə tərəflərin mövqeləri kəskin şəkildə fərqlənir. O əlavə edib ki, İsrailin Livandan çıxmaması, Hizbullah məsələsi və regiondakı digər proseslər də razılaşmanın gələcəyinə mənfi təsir göstərən amillərdəndir. Trampın sərt bəyanatlarına baxmayaraq, ABŞ-nin yenidən genişmiqyaslı hərbi əməliyyatlara başlama ehtimalının yüksək deyil. İran istənilən vaxt memorandumu poza və bölgədəki ABŞ müttəfiqlərinə qarşı addımlar ata bilər. Bu bəyanatları yeni dövrün başlanğıcı kimi yox, tərəflər arasında hələ də mövcud olan dərin inamsızlığın əlaməti kimi qiymətləndirmək lazımdır. Bu isə yaxın zamanda uzunmüddətli və sabit sülhün bərqərar olacağını deməyə əsas vermir."
Zeynəb Həsən
11:00 01.07.2026
Oxunuş sayı: 48