NATO-nun Türkiyədə keçiriləcək zirvə görüşündən əsas gözləntilər açıqlandı
İyulun yeddisində NATO-nun Türkiyədə zirvə görüşü keçiriləcək. Mütəxəssislər düşünürlər kk, bu, sadəcə növbəti bir diplomatik toplantı deyil: bu, qlobal güc balansının yenidən formalaşdığı tarixi bir dönüş nöqtəsidir. Dünyanın geosiyasi tektonik laylarının hərəkətə gəldiyi, Rusiya-Ukrayna müharibəsinin və Yaxın Şərqdəki gərginliyin beynəlxalq nizamı sarsıtdığı bir dövrdə, Qərb koalisiyasının atacağı addımlar gələcək təhlükəsizlik arxitekturasını müəyyən edəcək. Məhz belə bir kritik məqamda, alyansın strateji şərq cinahının kilid nöqtəsi olan Türkiyənin ev sahibliyi, həm regional sabitlik, həm də NATO-nun Soyuq müharibədən sonrakı ən böyük güc nümayişi baxımından dünyaya güclü bir mesaj ötürür.

Alyansın iclasından gözləntilər barədə politoloq Məhəmməd Əsədullazadə Crossmedia.az-a açıqlama verib: "NATO-nun Türkiyədə keçirilən zirvə görüşü, təbii ki, dünyada davam edən siyasi kataklizmlər və digər proseslər fonunda diqqəti daha çox cəlb edir. Rusiya-Ukrayna müharibəsi, həmçinin ABŞ-ni İrana və Yaxın Şərqə yönəldən hərbi-siyasi proseslər dərindən öyrənilir. Yəni dünya siyasi nizamının yenidən qurulması fonunda, Qərb koalisiyasının aktivliyi və birgə fəaliyyəti labüddür. Düşünürəm ki, bu zirvə görüşündə təşkilatın yeni dünya siyasi nizamındakı uğurlu inkişafı, Rusiya-Ukrayna müharibəsinə baxışı və dəstək məsələləri müzakirə olunacaq.
Bir sözlə, dünya təhlükəsizliyi baxımından bu NATO zirvəsindən çox şey gözləməyə dəyər. Artıq ABŞ da alyansın inkişafında maraqlı görünür. Türkiyənin bu prosesdəki rolu, NATO-nun şərq cinahına verdiyi dəstək və Soyuq müharibədən sonra davam edən proseslər fonunda təşkilatın hazırda daha da güclənməsini gözləyirik. Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsi fonunda alyans bundan sonra daha da güclənəcək. Bir sözlə, Türkiyədə keçirilən bu sammit və liderlərin müzakirələri dünya siyasətində mühüm bir faktor olacaq".
Turqut Ansari
15:30 30.06.2026
Oxunuş sayı: 57