İsraildən İrana sərt xəbərdarlıq
Yaxın Şərqdə uzun müddətdir davam edən geosiyasi gərginlik artıq pik həddinə çatıb. İsrailin xarici işlər naziri İsrael Katsın "İsrail sabah belə İranla irimiqyaslı müharibəyə başlaya bilər" formalı kəskin bəyanatı regionda və beynəlxalq müstəvidə yeni bir həyəcan dalğası yaradıb. Bu açıqlama tərəflərin indiyə qədər gizli və ya üçüncü qüvvələr vasitəsilə apardığı "kölgə müharibəsi"nin artıq açıq və birbaşa hərbi toqquşmaya çevrilmək üzrə olduğu siqnallarını verir. Qlobal güclərin bölgədəki maraqlarının toqquşduğu və diplomatik kanalların tükənmək üzrə olduğu bir vaxtda, bu cür kəskin ritorika hər an nəzarətdən çıxa biləcək regional müharibə təhlükəsini yenidən gündəmə gətirib. Bəs Tel-Əvivdən gələn bu xəbərdarlıq real müharibənin başlanğıcıdır, yoxsa sadəcə təzyiq?
Mövzu ilə bağlı Crossmedia.az-ın suallarını cavablandıran politoloq Aydın Tağıyev bildirib ki, İsrail rəsmisinin bu açıqlaması real müharibə anonsundan çox, strateji bir xəbərdarlıqdır:
"İsrael Katsın bəyanatı daha çox psixoloji təzyiq və diplomatik xəbərdarlıq xarakteri daşıyır. Buradakı əsas məqsəd İranı çəkindirmək və ABŞ vasitəçiliyi ilə aparılan danışıqlarda üstünlük qazanmaqdır. Qlobal güclərin maraqları və regional balans nəzərə alındıqda, yaxın perspektivdə tammiqyaslı müharibə ehtimalı zəif görünür. Lakin bu ritorika bölgədə hərbi eskalasiya ehtimalını artıran ciddi bir siqnaldır".

Politoloq regional reallıqlara və proksi qüvvələrin roluna toxunaraq lokal toqquşmaların qaçılmaz ola biləcəyini vurğulayıb:
"Regional reallıq ondan ibarətdir ki, İran tərəfi özünün proksi qüvvələri – Hizbullah, Husilər və Haşdi Şabi kimi qruplaşmalar vasitəsilə İsrailə təzyiqi getdikcə artırır. Bu vəziyyət münaqişəni hər an birbaşa qarşıdurmaya sürükləyə bilər. İsrailin sərt mövqeyi və bu proksi şəbəkəsi fonunda lokal toqquşmaların baş verməsi tamamilə realdır. Tammiqyaslı müharibə isə yalnız İranın birbaşa İsrail ərazisinə geniş raket hücumu həyata keçirməsi və prosesə ABŞ-ın birbaşa müdaxilə etməsi ilə reallaşa bilər".
Fatimə Cabbarlı
14:50 30.06.2026
Oxunuş sayı: 51