Türkiyənin NATO sammitindən gözləntiləri: Alyansdakı fikir ayrılıqları dərinləşir
7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO liderlər sammiti dövlətlərin diqqət mərkəzindədir. Xüsusən son dövrlər NATO daxilində üzv ölkələr arasında fikir ayrılıqlarının artdığı müşahidə olunur. Xüsusilə Rusiya-Ukrayna müharibəsi, ABŞ-nin Avropaya yanaşması və Yaxın Şərqdə baş verən proseslər alyans daxilində fərqli mövqeləri ön plana çıxarır. Həmçinin dövlətlərin bu sammitdən müəyyən gözləntiləri var. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Fridrix Merts ilə telefon danışığı zamanı Türkiyə ilə Almaniya arasında münasibətlərin daha da inkişaf etdirilməsinin hədəfləndiyini vurğulayaraq bunun üçün qarşılıqlı addımların davam etdirilməsinin vacibliyini qeyd edib. Türkiyə lideri Ankarada keçiriləcək NATO Liderlər Sammitində Avropanın alyans çərçivəsində öz müdafiə imkanlarını gücləndirməsini və transatlantik əlaqələrin qorunması üçün güclü siyasi iradənin nümayiş etdirilməsini gözlədiyini bildirib. NATO-da yaranan fikir ayrılıqları fonunda bu gözləntilərin həyata keçirilməsi nə qədər realdır?
Mövzu ilə bağlı Crossmedia.az-a danışan hərbi ekspert Emin Həsənli bildirib ki, son dövrlər NATO-da əsas fikir ayrılığı Rusiya-Ukrayna müharibəsi və ABŞ-nin təhlükəsizlik siyasəti ilə bağlıdır.
Onun sözlərinə görə, Donald Tramp hakimiyyətə gəldikdən sonra Ukraynaya yardımı dayandıracağını bəyan etsə də, sonradan silah verilə biləcəyini, lakin bunun maliyyəsini Avropa ölkələrinin qarşılamalı olduğunu bildirib. Ekspert qeyd edib ki, ABŞ ilə Avropa arasında yaranan bu fikir ayrılığı İran-İsrail qarşıdurması fonunda daha da dərinləşib: "ABŞ-nin çağırışına cavab olaraq nə Almaniya, nə Fransa, nə də İtaliya İrana qarşı müharibədə iştirak etməyəcəyini bəyan etdi. Ona görə də NATO-da ciddi fikir ayrılığı var. Amerikanın əsas hədəfi Çindir, Avropanın əsas təhlükə kimi gördüyü isə Rusiyadır. Amerika Avropaya görə Rusiya ilə, Avropa isə ABŞ-a görə Çin və İranla savaşa meylli deyil. SSRİ dağıldıqdan sonra NATO-nun əvvəlki vahid mövqeyi zəifləyib və alyans daxilində fərqli maraqlar ön plana çıxıb. Onun fikrincə, yaxın gələcəkdə də bu ziddiyyətlərin aradan qalxacağı inandırıcı görünmür".

Ekspert əlavə edib ki, NATO-nun ömrünü uzatmağa çalışacaqlar, amma fikir ayrılığı daha da dərinləşəcək: "Sovet İttifaqının dövründə olduğu kimi vahid mövqeyə NATO-nun qayıtması yaxın gələcəkdə mümkünsüzdür. Amma münasibətləri davam etdirəcəklər. Türkiyə də alyans daxilində öz maraqlarını qorumağa çalışır. Zaman-zaman NATO ölkələri, xüsusilə ABŞ Türkiyəyə qarşı ədalətsiz mövqe sərgiləyib. Terrorla mübarizə, Yunanıstan-Türkiyə münasibətləri, Patriot sistemlərinin verilməməsi, S-400 və F-35 məsələləri Ankara ilə Qərb arasında ciddi fikir ayrılığı yaradan əsas məsələlərdən olub".
Zeynəb Həsən
14:10 30.06.2026
Oxunuş sayı: 59