Ukrayna Rusiyanın "canını boğazına yığıb" - Azərbaycanlı mütəxəssislər aylar əvvəl nə demişdi?
Ukrayna müharibəsinin son dövrlərdəki gedişatı, xüsusilə dron texnologiyalarının tətbiqi və Rusiyanın strateji iqtisadi infrastrukturuna endirilən zərbələr, müasir hərb tarixinin ən diqqətçəkən səhifələrindən birini yazır. Münaqişənin ilk günlərindən etibarən hərbi ekspertlərin də qeyd etdiyi kimi, Rusiyanın hərbi gücünün əsas maliyyə qaynağı olan neft-qaz sektoru artıq birbaşa hədəfə çevrilmişdir. Cəbhə xəttindən yüzlərlə kilometr uzaqda, ölkənin dərinliklərində yerləşən iri neft emalı zavodlarının və strateji obyektlərin vurulması həm iqtisadi, həm də psixoloji baxımdan balansın dəyişdiyindən xəbər verir. Bu yeni taktiki mərhələ, yalnız tərəflərin hərbi imkanlarını deyil, eyni zamanda müharibənin yekun nəticəsini və regionun gələcək geosiyasi mənzərəsini yenidən formalaşdırır. Məsələ ilə bağlı hərbi ekspert Rey Kərimoğlu Crossmedia.az-a açıqlama verib.

"Bildiyimiz kimi iyun ayında Ukrayna ordusu Rusiyaya, xüsusilə də Moskvaya və onun müxtəlif strateji obyektlərinə çox ciddi zərbələr vurdu. Bu, gözlənilən idi. Çünki Ukrayna, Rusiyanın hücumlarından və dağıdıcı zərbələrindən sonra özünə gələrək, hərbi müdafiə və hücum taktikasını dronlar vasitəsilə havadan zərbələr üzərində qurdu və bu, böyük effekt verdi.
Əvvəldən də həm dünyanın, həm də məsələn, bizim-Azərbaycanın hərbi ekspertləri deyirdilər ki, Rusiyanın canı onun neft-qaz sektorundadır. Rusiya onu sataraq vəsait əldə edir, özünün hücum və işğal niyyətlərini genişləndirir, Ukraynanı işğal edərək ona zərər vururdu.
Artıq gördüyünüz kimi, Ukrayna bir müddətdir ki, Rusiyanın dərinliklərində yerləşən neft-qaz emalı zavodlarını vurur. O cümlədən, Leninqradda və Sankt-Peterburqda. Bu yaxınlarda isə Moskvadakı ən böyük neft emalı zavoduna zərbə endirdi. Bunlar çox ciddi zərbələrdir və mən ümid edirəm ki, bu sarsıdıcı zərbələr Rusiyanı işğala son qoymağa məcbur edəcəkdir. Ümumiyyətlə, müharibənin gedişatı dəyişəcək və Rusiya, nəhayət ki, Ukraynaya qarşı işğalçılıq siyasətinə son qoyacaqdır. Son nəticə olaraq, işğal etdiyi ərazilərdən çıxacaqdır".
Turqut Ansari
18:00 29.06.2026
Oxunuş sayı: 47