İran öz mövqeyindən geri çəkilmək niyyətində deyil
“Axios” portalının yaydığı xəbərə görə ABŞ və İran qarşılıqlı hücumların dayandırılması barədə razılığa gəliblər. Nəşr qeyd edib ki, bu barədə onlara ABŞ-nin yüksəkvəzifəli rəsmisi məlumat verib. Tərəflər iyunun 29-da Qətərin paytaxtı Dohada Hörmüz boğazı ilə bağlı mübahisələrin həlli istiqamətində danışıqlar aparmağı planlaşdırırlar. Uzun sürən münaqişənin bitməsi istiqamətində yayılan məlumatların doğruluğu şübhə doğurur. Çünki məsələ ilə bağlı tərəflərdən rəsmi açıqlama verilməyib. Bəs həqiqətən Dohada razılığa gəlinə bilərmi? Əldə edilən razılığın şərtləri nədən ibarət olacaq?
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ və İran münasibətlərində yeni mərhələ başlasa da, bu mərhələ köhnə qarşıdurmadan tam uzaqlaşa bilmir.
Onun sözlərinə görə, iki ölkə arasında 14 bəndlik memorandum imzalansa da, qarşılıqlı etimadsızlıq, kəskin ziddiyyətlər və geosiyasi maraqlar münasibətlərin normal məcrada inkişafına mane olur. Yeni mərhələdən danışılsa da, əslində münaqişə tərəfləri hələ də köhnə mərhələdə qalmış kimi görünürlər. Sülhdən danışılır, danışıqlar aparılır, şərtlər müzakirə olunur, ancaq tərəflər mütəmadi olaraq bir-birlərinə hərbi zərbələr endirirlər. Bu isə yaxın gələcəkdə iki ölkə arasında normal münasibətlərin qurulmasının o qədər də inandırıcı olmadığını göstərir”, – deyə o bildirib.

Politoloq qeyd edib ki, hazırkı razılaşma daha çox tərəflərin atəşkəs adı altında fasiləyə ehtiyac duyması ilə bağlıdır: “Amerika Birləşmiş Ştatlarının irəli sürdüyü şərtlər yerinə yetirilmir, İran isə öz mövqeyindən geri çəkilmək niyyətində deyil. Bu da onu göstərir ki, qarşıdurmanın yenidən daha kəskin mərhələyə keçməsi ehtimalı münasibətlərin normallaşması ehtimalından daha yüksəkdir. Bu proses yaxın gələcəkdə təkcə regionda deyil, qlobal miqyasda da ciddi problemlər yarada bilər".
Zeynəb Həsən
14:30 29.06.2026
Oxunuş sayı: 55