Yaxın Şərqdə davamlı sülh üçün şərt - İsrailin keçmiş sərhədlərinə qayıtmasıdır
İsrailin Baş naziri Binyamin Netanyahu Livanla bağlı çərçivə sazişini İrana zərbə adlandırıb. Netanyahu əlavə edib ki, rəsmi Tehranın tələblərinə baxmayaraq, İsrail qoşunları təhlükəsizlik səbəbləri ilə Livanın cənubundan çəkilməyəcək. İsrailin İrandan sonra Livana qoşun yeridərək yeni münaqişə ocağı yaratması və bu münaqişə ocağından İrana qarşı istifadə etməsi vəziyyəti daha da gərginləşdirir. Tərəflərdən heç biri geri çəkilmədən sərt bəyanatlar səsləndirir və münaqişənin bitəcəyinə dair heç bir açıqlama vermirlər. İsrail qoşununun Livana yerləşdirilməsi də bir sıra suallar yaradır. İsrail Livandan İrana qarşı necə istifadə edəcək?
Mövzu ilə bağlı Crossmedia.az-a danışan Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu bildirib ki, İsrail daha əvvəl də Livanın cənubunda nəzarətə götürdüyü ərazilərdən çıxmayacağını bəyan etmişdi. Onun sözlərinə görə, bu qərar İsrail tərəfindən Hizbullahın tərksilah olunmaması ilə əlaqələndirilir.

"Daha əvvəl imzalanmış razılaşmalara əsasən Hizbullah silahlarını təhvil verməli və Livan ordusunun tərkibinə inteqrasiya olunmalı idi. Lakin İranın dəstəyi nəticəsində bu baş vermədi. Hizbullahın yeni lideri Naim Qasim də açıqlamasında son livanlıya qədər İran üçün döyüşməyə hazır olduqlarını bildirdi. Bu isə təşkilatın İranın maraqlarına xidmət etdiyini açıq şəkildə göstərir. Yaxın Şərqdə gərginliyin əsas səbəbi yalnız Livanın cənubundakı vəziyyət deyil. Bölgədə davamlı sülhün əldə olunması üçün İsrailin 1967-ci il sərhədlərinə geri çəkilməsi əsas şərtlərdən biridir. İsrail və Livan arasında əldə olunan razılaşma, eləcə də ABŞ-la İran arasında aparılan danışıqlar Yaxın Şərqdə sülhün tam bərqərar olması anlamına gəlmir. Hələ də çoxsaylı risklər və həllini gözləyən məsələlər qalır."
R.Hafizoğlu vurğulayıb ki, hazırkı geosiyasi mənzərədə üstünlük İsrail və ABŞ tərəfindədir: "İsrail Livan və Fələstində İranın təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib və hazırda İranın bölgədə təsirinin əsasən İraq və Yəmənlə məhdudlaşdığı müşahidə olunur. Yaxın Şərqdə münaqişənin hansısa istiqamətdə səngiməsi problemin tam həll olunması demək deyil. Regionda proseslər hələ uzun müddət davam edəcək və yeni siyasi dəyişikliklər istisna deyil".
Zeynəb Həsən
19:00 27.06.2026
Oxunuş sayı: 61