Rəşadətin rəmzi – Azərbaycan ordusu
Azərbaycan Ordusu xalqımızın qəhrəmanlıq tarixinin, milli qürurunun və dövlətçilik ənənələrinin ən parlaq təcəssümüdür. Xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin ayrılmaz hissəsi olan ordumuz bu gün regionun ən güclü silahlı qüvvələrindən birinə çevrilmişdir. Şanlı Ordumuzun keçdiyi yol şərəf, qəhrəmanlıq və rəşadət salnaməsidir.
Azərbaycan Silahlı Qüvvələrinin tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə sıx bağlıdır. Hələ 1918-ci il mayın 28-də dövlət müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti qarşısında duran ən mühüm vəzifələrdən biri milli ordunun yaradılması idi. İyunun 26-da Müsəlman Korpusu əsasında Əlahiddə Azərbaycan Korpusu yaradıldı və bununla da milli ordu quruculuğunun əsası qoyuldu. Məhz buna görə də 26 iyun tarixi bu gün Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü kimi qeyd olunur.
Müstəqil dövlətçiliyin qorunması güclü ordu tələb edirdi. Cümhuriyyət hökuməti qısa müddətdə peşəkar hərbi hissələr formalaşdırdı, Hərbi Nazirlik yaratdı, milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirdi. Görkəmli sərkərdələr – general Səməd bəy Mehmandarov, general Əliağa Şıxlinski, Xoşrov paşa Sultanov, Həbib bəy Səlimov və digər hərbçilərin fəaliyyəti milli ordu quruculuğunda mühüm rol oynadı. Qafqaz İslam Ordusunun və Nuru Paşanın rəhbərliyi altında Azərbaycan əsgəri 1918-ci il sentyabrın 15-də Bakını erməni-daşnak və bolşevik qüvvələrindən azad edərək xalqımızın qəhrəmanlıq salnaməsinə şanlı səhifə yazdı.
Lakin 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və milli ordu ləğv olundu. Buna baxmayaraq, xalqımızın hərbi ənənələri yaşamaqda davam etdi. Sovet dövründə yüzlərlə azərbaycanlı zabit və general yetişdi, İkinci Dünya müharibəsində minlərlə soydaşımız böyük qəhrəmanlıqlar göstərdi. General Həzi Aslanovun adı bu gün də hərbi şücaətin simvollarından biri kimi xatırlanır.
XX əsrin sonlarında dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb və ziddiyyətli bir dövr yaşayırdı. Ermənistanın hərbi təcavüzü genişlənir, ölkədə siyasi böhran, hakimiyyət uğrunda mübarizə, özbaşınalıq və xaos hökm sürürdü. Belə ağır şəraitdə milli ordunun yaradılması həyati əhəmiyyət daşısa da, bu sahədə ciddi problemlər mövcud idi. Müxtəlif silahlı dəstələrin mövcudluğu, vahid komandanlığın olmaması, nizamsızlıq və peşəkar hərbi kadr çatışmazlığı ordunun formalaşmasına mane olurdu. Azərbaycanın müstəqilliyi və dövlətçiliyi ciddi təhlükə qarşısında idi.
1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkənin həyatında olduğu kimi, ordu quruculuğunda da yeni bir mərhələnin başlanğıcına çevrildi. Ulu Öndər çox yaxşı anlayırdı ki, güclü dövlətin təməli güclü ordudan keçir. Məhz buna görə də o, qısa müddət ərzində ordu quruculuğunu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə mövcud olan pərakəndə silahlı birləşmələr ləğv edildi, vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Orduda möhkəm nizam-intizam yaradıldı, peşəkar zabit korpusunun formalaşdırılmasına xüsusi diqqət yetirildi, maddi-texniki təminat yaxşılaşdırıldı, hərbi hissələrin fəaliyyəti təkmilləşdirildi. Ulu Öndərin təşəbbüsü ilə hərbi təhsil sistemində köklü islahatlar həyata keçirildi, milli zabit kadrlarının hazırlanması işi daha da genişləndirildi. Cəmşid Naxçıvanski adına Hərbi Lisey, Hərbi Akademiya və digər hərbi təhsil müəssisələri milli ordumuzun peşəkar kadr potensialının formalaşmasında mühüm rol oynadı.
1994-cü ilin may ayında atəşkəsin əldə olunması ordu quruculuğu prosesini daha da sürətləndirdi. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün mühüm addımlar atdı, Silahlı Qüvvələrin qanunvericilik bazası yaradıldı, beynəlxalq hərbi əməkdaşlıq əlaqələri genişləndirildi. Məhz həmin dövrdə gələcək böyük zəfərlərin təməli qoyuldu. Heydər Əliyevin "Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır" ideyası milli ordumuzun da fəaliyyətinin əsas prinsiplərindən birinə çevrildi.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Son illərdə ordumuz ən müasir silah və texnika ilə təchiz edilmiş, müdafiə sənayesi inkişaf etdirilmiş, hərbi infrastruktur tamamilə yenilənmişdir. Müasir döyüş texnologiyalarının tətbiqi, peşəkar kadr hazırlığı və beynəlxalq təcrübənin öyrənilməsi nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordusuna çevrilmişdir.
Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, güclü ordu dövlətin müstəqilliyinin əsas təminatçısıdır. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ordumuzun döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə yüksəlmiş, şəxsi heyətin sosial müdafiəsi gücləndirilmiş, hərbi qulluqçuların xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmışdır.
Azərbaycan Ordusunun qüdrəti 2020-ci ilin 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, yüksək sərkərdəlik məharəti və ordumuzun peşəkarlığı nəticəsində Azərbaycan tarixi Zəfərə imza atdı. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi, xalqımızın milli qüruru bərpa olundu. Şuşanın azad edilməsi isə tariximizin ən şanlı səhifələrindən birinə çevrildi.
2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam təmin olundu. Beləliklə, Azərbaycan Ordusu yalnız torpaqlarımızı azad etmədi, həm də xalqımızın yenilməz iradəsini və Türk əsgərinin gücünü bütün dünyaya nümayiş etdirdi.
Bu gün Azərbaycan Ordusu Heydər Əliyev siyasi kursunun və Prezident İlham Əliyevin uğurlu hərbi strategiyasının təntənəsidir. Şanlı Ordumuz dövlətimizin müstəqilliyinin, xalqımızın təhlükəsizliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısı olaraq daim Vətənin keşiyində ayıq-sayıq dayanır.
Bu gün Azərbaycan əsgəri yalnız Vətənin keşiyində dayanan hərbçi deyil, həm də milli qürur, vətənpərvərlik və rəşadət nümunəsidir. Azərbaycan Ordusu xalqımızın gücünün, birliyinin və yenilməz iradəsinin rəmzidir. Xalqımız əmindir ki, üçrəngli bayrağımız şanlı ordumuzun sayəsində daim yüksəklərdə dalğalanacaqdır.
Azərbaycan Ordusu – rəşadətin, qəhrəmanlığın və Zəfərin əbədi simvoludur.
Təhminə Əliyeva
Tarix üzrə Fəlsəfə Doktoru
ADPU-nun Quba filialının baş müəllimi
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin elmi əməkdaşı
18:48 26.06.2026
Oxunuş sayı: 58