Şok iddia - İsrail qondarma “erməni soyqrımı”nı tanımağa hazırlaşır
İsrail Xarici İşlər Nazirliyinin qondarma “erməni soyqırımı” məsələsini yenidən gündəmə gətirməsi regionda siyasi və diplomatik müzakirələri intensivləşdirib. Xüsusilə Türkiyə–İsrail münasibətlərində gərginliyin davam etdiyi, eyni zamanda Ankara ilə İrəvan arasında normallaşma prosesinin müəyyən mərhələyə qədəm qoyduğu bir dövrdə belə təşəbbüsün irəli sürülməsi müxtəlif suallar doğurur. Məsələnin mümkün regional təsirləri, eləcə də Azərbaycan–İsrail strateji tərəfdaşlığı fonunda yarana biləcək nəticələri ilə bağlı ekspertlər fərqli aspektlərə diqqət çəkirlər.
Mövzu ilə bağlı ekspertlər Crossmedia.az-a açıqlama veriblər:

Milli
Məclisin deputatı Tənzilə Rüstəmxanlı bildirib ki, Azərbaycanla hər zaman
dostluq və strateji əməkdaşlıq mövqeyində olan İsrailin qondarma soyqırım məsələsini
gündəmə gətirməsi xoşagələn bir durum deyil: “Xüsusilə Bakı və Ankara ilə İrəvanın
münasibətlərinin normallqaşdığı bir zamanda, hətta Ermənistan hökumətinin belə
bu uydurma iddianı arxa plana keçirtdiyi bir vaxtda İsrail Xarici İşlər
Nazirliyinin belə bir təşəbbüsü təəssüf doğurur. Əgər təşəbbüs dəstəklənərsə, bu, İsrailin
onilliklər ərzində qoruduğu diplomatik balans siyasətindən əhəmiyyətli dərəcədə
uzaqlaşması kimi qiymətləndirilə bilər. Düzdür İsrail və Türkiyə arasında müəyyən
gərginlik var, amma bu addımın atılması gərginliyi daha neqativ müstəviyə
daşıya bilər. Ankara belə bir qərarı tarixi və hüquqi baxımdan qəbuledilməz
hesab etdiyini dəfələrlə bəyan edib və oxşar qərarlar qəbul edən dövlətlərə
qarşı sərt diplomatik reaksiya verib. Buna görə də İsrail hökumətinin mümkün qərarı
iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da mürəkkəbləşdirə
bilər. Bu məsələ ilə bağlı Təl-Əviv rəsmi Bakının da mövqeyini nəzərdən keçirməlidir.
Türkiyə və onun milli martaqları bizim üçün də qırmızı xətdir. İsrailə Azərbaycan
arasında tarixi bir dostluq əlaqələri var. Ermənistan isə əksinə, yəhudi dövləti
üçün heç bir strateji əhəmiyyət kəsb etmir. Diplomatik və iqtisadi münasibətlər
yox dərəcəsindədir. Qüds şəhərində bir qrup erməni yaşasa da, bu icma ölkə
qanunlarını pozmaq, ordudan yayınmaq, vergi ödəməməkdən başqa heç bir fəallıq
göstərmir. Sırf Türkiyə dövlətinin acığına erməni maraqlarına xidmət edən ədalətsiz
qərarın qəbul edilməsi İsrail üçün Azərbaycanı itirmək hesabına başa gələ bilər.
Bu səbəbdən də İsrailin, həm də öz mənafeyinə zidd gedərək, qondarma erməni
iddialarını qəbul edəcəyi inandırıcı deyil. Ümid edək ki, bu dəfə də qondarma
soyqırım ehtimalı hüquqi qüvvə qazanmayacaq”.

Politoloq
Zaur Məmmədov qeyd edib ki, İsrailin qondarma “erməni soyqırımı” məsələsini
yenidən gündəmə gətirməsi əslində təkcə Türkiyəyə qarşı yönəlmiş addım deyil, həm
də tarixi və hüquqi baxımdan mübahisəli olan bu mövzunun yenidən siyasiləşdirilməsinə
xidmət edir: “Türkiyə ilə İsrail arasında mövcud gərgin münasibətlər fonunda Təl-Əvivin
bu cür vasitələrdən istifadə etməsi təsadüfi deyil. Əvvəllər də İsrail tərəfindən
qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı oxşar bəyanatlar səsləndirilmişdi.
Azərbaycanla İsrail arasında münasibətlər hazırda yüksək səviyyədədir. Buna görə
də İsrail parlamentinin belə bir qərar qəbul etməsi, təbii ki, Azərbaycanda da
həssaslıqla qarşılanacaq. Digər tərəfdən, hazırda Türkiyə ilə Ermənistan
arasında münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar
atılır. Ermənistan hakimiyyəti də bu məsələnin əvvəlki kimi gündəmdə
saxlanılmasına xüsusi maraq göstərmir. Belə olan halda, bu mövzunun yenidən
qabardılması heç bir tərəfin maraqlarına xidmət etmir və ona toxunulmaması daha
məqsədəuyğun olardı”.
Ayhan
16:30 26.06.2026
Oxunuş sayı: 58