Rusiya-Ukrayna savaşında yeni cəbhə açılır - Belarus müharibəyə qoşulur
Rusiya-Ukrayna münaqişəsinin coğrafiyasının genişlənməsi və tərəfdaş ölkələrin prosesə cəlb olunması riski beynəlxalq analitik müstəvidə aktiv müzakirə edilən mövzulardandır. Xüsusilə Kremlin logistik və hərbi-sənaye tərəfdaşı olan Belarus üzərindən Ukraynaya qarşı yeni cəhbənin açılması iddiaları regiondakı təhlükəsizlik balansına birbaşa təsir edən amil kimi dəyərləndirilir. Rəsmi Kiyev və Minsk arasında qarşılıqlı ittihamların və hərbi hədələrin fonunda Belarus rəhbərliyinin atacağı addımlar münaqişənin gələcək miqyasını müəyyənləşdirən əsas xətlərdən biridir.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Rusiyanın Belarusu savaşa qatmağa nail olacağı təqdirdə Ukrayna üçün əlavə hərbi risklər yaransa da, burada əsas məsələ Aleksandr Lukaşenkonun mövqeyidir:
"Belarus müharibənin əvvəlindən Rusiyanın müttəfiqi kimi çıxış etsə də, Lukaşenko ölkəsinin bu savaşın birbaşa iştirakçısı olmadığını və olmaq niyyəti güdmədiyini dəfələrlə bəyan edib. Lakin son vaxtlar tərəflər arasında gərginlik artır. Kiyev Belarusu öz müəssisələrində Rusiya hərbi sənaye kompleksi üçün silah komponentləri istehsal etməkdə suçlayır və xəbərdarlıq edir ki, bu fəaliyyət dayandırılmazsa, Belarusun hərbi obyektlərinə zərbələr endirilə bilər. Bu isə rəsmi Minskin tədricən müharibə relsinə doğru sürükləndiyini göstərir. Digər tərəfdən, Kremlin də Belarus ərazisindən Ukraynaya hərbi zərbələr endirmək üçün istifadə etmək məqsədilə rəsmi Minskə ciddi təzyiqlər etdiyi barədə məlumatlar var".

Ekspertin sözlərinə görə, Belarus rəhbərliyi hələlik bu təzyiqlərə müqavimət göstərməyə çalışır, çünki prosesin daxili və xarici risklərini hesablayır: "Lukaşenko anlayır ki, belə bir addım ölkəni ABŞ və Qərbin ən sərt sanksiyaları və təzyiqləri ilə üz-üzə qoyacaq. Əksinə, o, müharibədən kənarda dayanmaqla Qərbin Belarusa yönəlik neqativ münasibətini pozitivə doğru dəyişməyə cəhd edir. Əgər Kreml bu hərbi niyyətlərində israr edərsə, Rusiya və Belarus arasında ziddiyyətlər qaçılmaz olacaq. Rəsmi Minsk Kremlin təzyiqlərinə tab gətirə bilmədiyi təqdirdə, onun savaşa qatılmaq məcburiyyətində qalması qətiyyən istisna deyil, lakin bu, hazırda ən aşağı ehtimallardan biridir. Belə bir ssenarinin reallaşması həm Ukrayna üçün ən neqativ variantlardan biridir, həm də Belarusu Qərbin birbaşa hədəfinə çevirə bilər".
Fatimə Cabbarlı
15:20 25.06.2026
Oxunuş sayı: 49