QHT-lərin maliyyələşdirilməsində yeni dövr: “Bir pəncərə” sistemi nə vəd edir?
Azərbaycanda qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi sistemində yeni mərhələ başlayır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dövlət qurumları tərəfindən QHT-lərin maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsini nəzərdə tutan yeni mexanizm artıq hüquqi qüvvəyə minib. Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar QHT-lərin maliyyələşdirilməsi prosesində vahid koordinasiya sisteminin yaradılmasını, şəffaflığın və səmərəliliyin artırılmasını, eləcə də dövlət siyasətinin prioritetlərinə uyğun layihələrin daha məqsədyönlü şəkildə dəstəklənməsini hədəfləyir. Yeni qaydalar çərçivəsində qrant məbləğləri artırılıb, layihələrin qiymətləndirilməsi meyarları genişləndirilib və dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın yeni mexanizmləri müəyyənləşdirilib.
QHT rəhbərləri mövzu ilə bağlı fikirlərini Crossmedia.az-la bölüşüblər:
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bildirib ki, Qeyri-Hökumət Təşkilatlarının “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair Qaydanın təsdiq olunmasını vətəndaş cəmiyyəti sektorunun inkişafı istiqamətində mühüm institusional islahat kimi dəyərləndirirəm: “Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu yeni mexanizm dövlət qurumları ilə QHT-lər arasında əməkdaşlığın daha sistemli, şəffaf və səmərəli şəkildə qurulmasına xidmət edəcək. Xüsusilə müxtəlif dövlət qurumlarının QHT-lərlə bağlı fəaliyyətinin vahid koordinasiya altında həyata keçirilməsi resurslardan daha effektiv istifadə olunmasına, prioritet mövzuların düzgün müəyyənləşdirilməsinə və layihələrin nəticəyönümlülüyünün artırılmasına imkan yaradacaq. Qrant məbləğlərinin artırılması, ekspertiza meyarlarının təkmilləşdirilməsi, layihələrin dövlət siyasəti və strateji inkişaf sənədləri ilə əlaqələndirilməsi QHT sektorunun peşəkarlığının və təsir imkanlarının daha da güclənməsinə şərait yaradacaq”.

U.Mirzəyev bildirib ki, uzun illərdir vətəndaş cəmiyyətinin inkişafı istiqamətində fəaliyyət göstərən bir təşkilatın rəhbəri kimi hesab edirəm ki, bu qərar dövlət–QHT tərəfdaşlığının yeni mərhələyə qədəm qoyduğunu göstərir: “Qarşıdakı dövrdə bu mexanizmin ictimai təşəbbüslərin keyfiyyətinin yüksəlməsinə, sosial innovasiyaların təşviqinə və milli prioritetlərin həyata keçirilməsinə mühüm töhfələr verəcəyinə inanıram. QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsi ilə bağlı yeni qaydaların tətbiqini alqışlayır, bu mühüm islahatın həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.
Milli QHT
Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli qeyd edib ki, dövlət qurumları
və QHT-lər arasında əməkdaşlığın gücləndirilməsi kontekstindən baxsaq,
Qaydalara əsasən dövlət büdcəsindən maliyyələşən bütün qurumların QHT-lərə
qrant, dövlət sifarişi, subsidiya və digər maliyyə dəstəkləri artıq vahid
sistem və vahid koordinasiya mexanizmi üzərindən həyata keçiriləcək: “Bu isə
QHT-lərin müxtəlif dövlət qurumlarına ayrıca müraciət etmə yükünü azaldacaqdır
və dövlət–QHT əməkdaşlığını institusional səviyyədə gücləndirəcək. Sənəddə
layihələrin ekspertizası, monitorinqi və qiymətləndirilməsi üçün ətraflı
meyarlar müəyyən edilib. Layihələrin innovativliyi, davamlılığı, kadr
potensialı, dövlət siyasətinə töhfəsi, ölçülə bilən nəticələri və monitorinq
mexanizmləri qiymətləndirmənin əsas elementləri kimi təsbit olunur”.
R.İskəndərli bildirib ki, Dövlət–QHT əməkdaşlığı daha sistemli və mərkəzləşdirilmiş formaya keçir Bu amillər Azərbaycan QHT sektorunun institusional inkişafının yeni mərhələyə keçdiyini göstərən əsas göstəricilər hesab oluna bilər”.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli bildirib ki, QHT sektoruna dövlət dəstəyinin vahid konseptual bazası, normativ və institusional arxitekturası formalaşır: “Nazirlər Kabinetinin 22 iyun 2026-cı tarixli, 188 saylı qərarı ilə QHT-lərin bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi modelinin yaradılması yalnız formanı dəyişmir, həm də QHT sektoruna dövlət dəstəyinin fəlsəfəsini, baxışı, düşüncələri yeniləyir, keyfiyyət dəyişikliyi üçün real zəmin yaradır. Çünki, QHT sektoruna dövlət dəstəyinin vahid konseptual bazası, normativ və institusional arxitekturası formalaşır. Bu mexanizm tam rəqəmsallaşan, yeni, fərqli mahiyyətə və fəlsəfəyə malik model yaratmağa imkan verir. Bu yeni yanaşma QHT-lərin inkişafı siyasətinin planlaşdırılması, həyata keçirilmsi, eyni zamanda ayrı-ayrı sahələrdə təsirin ölçülüməsi baxımından strateji əhəmiyyətə malikdir.

Z.İbrahimli qeyd edib
ki, QHT-lərin qrant
maliyyələşməsi ilə əlaqədar bu vaxta qədər müşahidə olunan və zaman getdikcə
daha genişlənən fraqmentasiya, pərakəndəlik, lokallaşma, ümumi, strateji məqsədlərin
kiçik hədəflərin, ambisiyaların kölgəsində
qalması, vahid yanaşmanın, uçotun, tənzimləmənin, effektiv əlaqələndirmənin
olmaması kimi inkişafı, təkamülü ləngidən amillər artıq keçmişdə qalacaq: “Yeni
qaydalar yalnız Agentliyin deyil, qrant maliyyələşməsi ilə əlaqədar ümumiləşmiş
təcrübəni və QHT sektorunda aparılmış uzunmüddətli və geniş müzakirələrin qənaətlərini
əks etdirir. Təhlillər göstərirdi ki, ən
böyük problem lokal yanaşma, ölkənin strateji inkişaf hədəfləri ilə əlaqələndirmənin
formal xarakter alması, reallıqda isə subyektiv yanaşmanın ön plana çıxmasaydı.
Qrant müsabiqələrinin keçirilməsində
cürbəcür neqativ amillərdən daha çox məhz pərakəndəlik, ümumi, strateji məqsədlərin əsas oriyentir,
strateji çərçivə kimi götürülməməsi əsas problem kimi qarşıya çıxırdı”.
QHT sədri əlavə edib ki, hazırda Agentlik müsabiqələrin keçirilməsinin və layihələrin icrasının monitorinqinin bütün mərhələlərini rəqəmsal həyata keçirir: ““Bir pəncərə” prinsipi əsasında maliyyələşdirilmə mexanizmi bu təcrübənin təkmilləşdirilmiş, mövcud ehtiyaclara uyğunlaşdırılmış formatda ölkə miqyasında tətbiqi kimi dəyərləndirilə bilər. Burada başlıca məqsəd dövlət prioritetləri çərçivəsində vahid yanaşma, fəaliyyətlər, planlarla strateji məqsədlərin əlaqələndirilməsinin, ahəngdarlığın, dövlət tədbirləri ilə sinxronlaşmanın, aktual, vacib mövzuların diqqət mərkəzində saxlanmasının təmin edilməsi, təkrara, izafi xərclərə, resursların parçalanmasına yol verilməməsidir. Bu yanaşma hazırda çox vacib olan vahid gündəliyin müəyyən edilməsi, strateji hədəflərlə sahəvi prioritetlərin uzlaşdırılmasına imkan verəcək. QHT layihələrinin icrası zamanı kəmiyyət və keyfiyyət nəzarətinin, hesabatlığının, nəticələrin qiymətləndirməsinn vahid üsullarını, meyarlarının ümumi mexanizmini tam formalaşdırır. Bu həm də kağız üzərindəki planın real işlə nə dərəcədə üst-üstə düşdüyünü yoxlamağa imkan verir. Vahid yanaşma bütövlükdə QHT-lərin onların irəli sürdükləri layihələrin, təşəbbüslərin maliyyələşdirilməsinin nəticələri, təsirini daha səmərəli ölçməyə, müqayisələr, ümumiləşdirmələr aparmağa, bütövlükdə ölkə və ayrı-ayrı sahələr, istiqamətlər üzrə nəticələr əldə etməyə imkan verəcək”.
İnformasiya
və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə qeyd
edib ki, ötən ilin dekabr ayında cənab Prezident tərəfindən QHT-lərin müxtəlif
dövlət qurumları tərəfindən maliyyələşdirilməsinin vahid pəncərə sistemi ilə həyata
keçirilməsi ilə bağlı fərman imzalanmışdı: “Həmin fərmandan irəli gələn müddəalara
əsasən Nazirlər Kabineti tərəfindən müvafiq qaydalar hazırlanmalı idi. Bu ayın
22-də Nazirlər Kabineti tərəfindən belə bir qərar qəbul edildi və qaydalar təsdiqləndi.
Ümumilikdə hesab edirəm ki, bu proses zamanın tələbi idi. Çünki zaman-zaman Azərbaycanda
vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı addımlar atılırdı və bunu növbəti
mühüm addımlardan biri hesab edirəm. QHT-lərin fəaliyyətinin ümumi konturlarını
görmək üçün vahid bazaya ehtiyac var idi. Xüsusilə də maliyyələşmə sisteminin
vahid formatda həyata keçirilməsinə ehtiyac duyulurdu. Bu ehtiyac ondan irəli gəlirdi
ki, həm QHT-lər, həm də dövlət qurumları üçün koordinasiya və vahid istiqamət
müəyyənləşdirilməli idi. Artıq belə bir istiqamət müəyyən olunub”.

C.Hüseynzadə əlavə edib ki, yeni qaydalara əsasən QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu vahid pəncərə sistemini həyata keçirən operator olacaq: “Ümumilikdə qərarın çoxsaylı müsbət tərəfləri var. Qeyd etdiyim kimi, bu zamanın tələbi idi. Ölkədə ümumilikdə xidmətlərin daha şəffaf və elektron formada təşkili prosesi gedir və hesab edirəm ki, bu, vətəndaş cəmiyyəti üçün də vacib bir məqam idi. Yeni qaydalara əsasən bir sıra yeniliklər nəzərdə tutulur. Bunlardan biri ondan ibarətdir ki, artıq qeyri-hökumət təşkilatlarının aldığı kiçik qrantların məbləği 15 min manatdan 30 min manata qədər artırılıb. Eyni zamanda böyük qrantlarla bağlı hər hansı məbləğ limiti müəyyən edilməyib. Bu da, yəqin ki, gələcəkdə donorlar tərəfindən daha böyük vəsaitlərin QHT-lər üçün ayrılmasının nəzərə alınması ilə bağlıdır. Bu, vacib və sevindirici məqamdır. Digər sevindirici məqam ondan ibarətdir ki, ümumiyyətlə, qeyri-hökumət təşkilatlarının maliyyələşməsi ilə bağlı illik hesabatların təqdim olunması nəzərdə tutulur”.
C.Hüseynzadə
başqa vacib məqamlardan birinin isə müsabiqələrin keçirilməsi ilə bağlı konkret
vaxt və zaman çərçivələrinin müəyyən edilməsi olduğunu vurğulayıb: “Söhbət
QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təqdim olunan layihələrdən, daha sonra
elanların hansı müddətlərdə yerləşdirilməsindən gedir. Bu da müsbət haldır. Ümumilikdə
hesab edirəm ki, qərar kifayət qədər peşəkar şəkildə hazırlanıb. Çünki burada
sadəcə bütün maliyyələşmə növlərinin bir ad altında birləşdirilməsindən söhbət
getmir. Müasir dövrün tələblərinə, beynəlxalq trendlərə və çağırışlara uyğun
olaraq maliyyələşmə mexanizmlərinin spesifik xüsusiyyətləri nəzərə alınıb. Burada
həm böyük və kiçik qrantlardan, həm müsabiqədənkənar qrantlardan, həm də dövlət
sifarişləri və subsidiyalardan söhbət gedir. Bunların hər birinin özünəməxsus
xüsusiyyətləri var və qaydalarda bu məqamlar ayrıca nəzərə alınıb. Yəni bütün
maliyyələşmə növləri bir başlıq altında birləşdirilməyib. Bu da onu göstərir
ki, dövlətin QHT-lərlə bağlı baxışı daha genişdir. Dövlət hesab etmir ki, QHT-lərin
maliyyələşməsi yalnız qrantlarla məhdudlaşmalıdır. Bu çox vacib məqamdır. Çünki
beynəlxalq təcrübədə və xarici ölkələrin təcrübəsində müxtəlif maliyyələşmə
metodları mövcuddur. Bu metodlar nə qədər çox olarsa, QHT-lər üçün də bir o qədər
yeni imkanlar yaranar. Qaydaları diqqətlə nəzərdən keçirdikdə diqqət çəkən məqamlardan
biri də QHT-lərin fəaliyyətinin mediada işıqlandırılması məsələsidir. Belə ki,
müsabiqələrdə iştirak edən təşkilatların mediada görünürlüğünün olması ilə
bağlı tələblər müəyyənləşdirilir. Bu isə həm dövlət qurumlarına, həm də QHT-lərə
ictimai etimadın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Hesab edirəm
ki, qarşıda yeni mərhələlər var. Qaydalar artıq qəbul olunub. Bundan sonrakı mərhələdə
QHT-lərlə bağlı yeni konsepsiyanın qəbul olunması gözlənilir. Eyni zamanda
ictimai iştirakçılıqla bağlı yeni qaydaların müəyyənləşdirilməsi də gündəmdədir.
Bütün bunlar ictimai müzakirələrlə müşayiət olunmalıdır. QHT-lərin də bu
proseslərdə aktiv iştirakı vacibdir. Gözlənilən yeni qərarların hazırlanması mərhələsində
vətəndaş cəmiyyəti fəal şəkildə iştirak etməli və öz töhfəsini verməlidir”.
Ayhan
20:00 24.06.2026
Oxunuş sayı: 90