Azərbaycan–Türkmənistan münasibətlərinin yeni mərhələsi
2026-cı il iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana dövlət səfəri etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək və geniş tərkibdə görüşlər keçirilmiş, iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən sənədlər imzalanmış və dövlət başçıları mətbuata bəyanatlarla çıxış etmişlər.
Prezident İlham Əliyev çıxışında Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfərinin ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə etmişdir. Dövlət başçısı qeyd etmişdir ki, keçirilən görüşlər zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətraflı müzakirə olunmuş, əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm razılaşmalar əldə edilmişdir. Bəyanatda Azərbaycan və Türkmənistan xalqları arasında mövcud olan tarixi, mədəni və mənəvi bağların xüsusi əhəmiyyəti vurğulanmışdır. Hər iki xalqın ortaq köklərə, dil və mədəniyyət yaxınlığına malik olması münasibətlərin inkişafı üçün möhkəm zəmin yaradır. Prezident İlham Əliyev ölkələrimiz arasında qarşılıqlı etimadın və siyasi dialoqun yüksək səviyyədə olduğunu bildirmişdir.
Çıxış zamanı iqtisadi əməkdaşlıq məsələləri də geniş yer almışdır. Xəzər dənizi hövzəsində yerləşən iki dost dövlət arasında nəqliyyat-logistika, ticarət, enerji və tranzit sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd edilmişdir. Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycan və Türkmənistan Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayırlar və bu istiqamətdə birgə fəaliyyət regionun iqtisadi inkişafına mühüm töhfə verir. Bəyanatın diqqətçəkən məqamlarından biri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası ilə bağlı olmuşdur. Prezident İlham Əliyev Türkmənistan rəhbərliyinə və türkmən xalqına Azərbaycana göstərilən dostluq münasibətinə görə təşəkkür etmiş, xüsusilə Füzuli şəhərində məscidin inşası təşəbbüsünü yüksək qiymətləndirmişdir. Bu addım iki qardaş ölkə arasında həmrəyliyin və qarşılıqlı dəstəyin parlaq nümunəsi kimi dəyərləndirilmişdir.
Səfər çərçivəsində imzalanan sənədlər də əməkdaşlığın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Gömrük sahəsində məlumat mübadiləsi, ticarət statistikası və digər istiqamətlər üzrə razılaşmalar iqtisadi əlaqələrin daha da genişlənməsinə şərait yaradacaqdır. Bu sənədlər həm ikitərəfli münasibətlərin möhkəmlənməsinə, həm də regionda iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir. Prezident İlham Əliyevin mətbuata bəyanatı göstərdi ki, Azərbaycan–Türkmənistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli siyasi dialoq və imzalanan sənədlər gələcək əməkdaşlıq üçün geniş imkanlar yaradır. Bu münasibətlər təkcə iki ölkənin maraqlarına deyil, həm də bütövlükdə regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunmasına xidmət edir.
Nəticə etibarilə, Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri və Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan–Türkmənistan əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirmişdir. Bu səfər iki qardaş xalqın dostluğunun, qarşılıqlı etimadının və strateji əməkdaşlığının daha da güclənməsinə mühüm töhfə vermişdir.

Şəhla Xəlilova
YAP Yasamal rayonu Elm və Təhsil Nazirliyi
Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri
13:35 24.06.2026
Oxunuş sayı: 51