Berdiməhəmmədovun Azərbaycana səfəri Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək - RƏY
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iyunun 23-də başa çatıb. Səfər yaddaqalan və məhsuldar olub. Səfər çərçivəsində Berdiməhəmmədovun Azərbaycan lideri İlham Əliyevlə görüşü olub. Liderlər 13 sənəd imzalayıb və mübadilə ediblər. Bu, qarşılıqlı əməkdaşlığın yeni mərhələyə daxil olmasının ən bariz nümunəsidir. Ümumiyyətlə, iki dövlət arasında münasibətlər tarixi köklərə söykənir və ən müxtəlif sahələri əhatə edir. Bu əlaqələr təkcə ikitərəfli münasibətlər kontekstindən qiymətləndirilməli deyil. İkitərəfli münasibətlərin inkişafı, sözsüz ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında yeni dinamikaya da səbəb olur.

Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov bildirib ki, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun Azərbaycana səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü iki qardaş dövlət arasında münasibətlərin yüksək səviyyəsinin növbəti təsdiqidir: "Azərbaycan və Türkmənistan ortaq tarixi, mədəni və mənəvi dəyərləri bölüşən, eyni zamanda regionun gələcəyinə dair oxşar baxışlara malik dövlətlərdir. Bu gün ölkələrimiz arasında siyasi əlaqələr ən yüksək səviyyədədir. Enerji, nəqliyyat-logistika, Xəzər dənizində əməkdaşlıq, Transxəzər nəqliyyat dəhlizinin inkişafı və Türk dünyasının inteqrasiyası istiqamətində həyata keçirilən layihələr həm Azərbaycan, həm də Türkmənistan üçün strateji əhəmiyyət daşıyır".
O bildirib ki, prezidentlər arasında keçirilən görüşlər və aparılan müzakirələr göstərir ki, münasibətlər yalnız dostluq və qardaşlıq prinsiplərinə deyil, həm də qarşılıqlı iqtisadi maraqlara və regional əməkdaşlığın gücləndirilməsi məqsədinə əsaslanır: "Hesab edirəm ki, bu səfər Azərbaycan-Türkmənistan əlaqələrinin daha da inkişafına, Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə və regionun iqtisadi potensialının artırılmasına mühüm töhfə verəcək".
14:08 24.06.2026
Oxunuş sayı: 62