ABŞ bu hərbi kampaniyada İrandan 13 dəfə çox vəsait xərcləyib - ŞOK RƏQƏM
ABŞ və İran arasında imzalanması gözlənilən memorandumla bağlı müxtəlif iddialar gündəmdə qalmaqdadır. Bildirilir ki, Vaşinqton Tehrana maliyyə kompensasiyası ödəyə bilər, sanksiyaların mərhələli şəkildə aradan qaldırılması müzakirə olunur və qarşı tərəfin nüvə fəaliyyəti ilə bağlı müəyyən öhdəliklər götürməsi ehtimal edilir.
Bu fonda tərəflərin real qazanc və itkiləri, eləcə də regiona mümkün təsirləri barədə suallar aktuallaşır.
Politoloq Tofiq Abbasov Crossmedia.az-a açıqlamasında bildirib ki, vəziyyət hələ də gərgin olaraq qalır:

"Çünki faktiki olaraq istər Donald Tramp olsun, istər İran tərəfi, onlar sülhdən danışırlarsa, bu, bir niyyətdir. Amma nəzərdən qaçırmamalıyıq ki, dünyada ən dəhşətli mübarizələr məhz sülh uğrunda olur. Müharibələr nə vaxtsa başa çatır, lakin sülh uğrunda qarşıdurmalar bəzən elə kəskin xarakter alır ki, bununla bağlı yeni dilemmlar ortaya çıxır. Çünki aydındır ki, bəzi qüvvələr sülhpərvər təşəbbüslər irəli sürür, digərləri isə yenidən təxribatlara və fitnə-fəsada əl atırlar ki, qarşıdurmalar məhz döyüş meydanında davam etsin. İndiki halda Tramp artıq anlayıb ki, bu müharibəyə qoşulmaqla səhv edib. Çünki əvvəllər bildirilirdi ki, , son 15-20 il ərzində İsrailin siyasi rəhbərləri İranla müharibəni öz qarşılarına məqsəd kimi qoyublar.
Hələ 2006-cı ildə baş verən 32 günlük Livan müharibəsindən sonra rəsmi Təl-Əviv Amerikanı İrana hücum etməyə sövq etməyə çalışırdı. Bu müddət ərzində bütün prezidentlər və dövlət katibləri bu məsələyə birmənalı şəkildə "yox" deyirdilər. Nəhayət, Donald Tramp ilk şəxs oldu ki, İsrailin bu planına razılıq verdi. İndi isə anlayır ki, vəziyyət heç də ABŞ-nin xeyrinə deyil. Çünki o, həm imic itkilərinə məruz qaldı, həm də İran ABŞ-ni elə bir müharibəyə cəlb etdi ki, Vaşinqton böyük maliyyə itkiləri ilə üzləşdi. Mətbuatın yazdığına görə, ABŞ bu hərbi kampaniyada İrandan 13 dəfə çox vəsait xərcləyib. İranın 50-70 min dollar dəyərində olan “Şahed” pilotsuz uçuş aparatlarını amerikalılar 2-3 milyon dollar dəyərində raketlərlə vururdular. Müharibənin iqtisadi tərəfi ABŞ üçün çox baha başa gəldi və indi vergi ödəyiciləri bunun ağırlığını hiss edirlər.
İran həm də asimmetrik addımları ilə Amerikanı çətin vəziyyətə saldı. ABŞ başa düşdü ki, bu müharibədə düzgün hesablamalara söykənməyib, əksinə, yanlışlıqlara yol verib və bu baxımdan İran hətta iqtisadi müstəvidə də üstünlük qazanıb.
Nəhayət, Hörmüz boğazının bağlanması məsələsi təkcə ABŞ üçün deyil, bütün dünya iqtisadiyyatı üçün ciddi təhlükə yaradır. Demək olar ki, İran dünya iqtisadiyyatının boğazından yapışaraq onu sıxır və burada asfiksiya effekti yaranır".
Politoloqun sözlərinə görə, Tramp anlayır ki, çox çətin vəziyyətə düşüb və buradan çıxış yolu tapmalıdır:
"Memorandumla bağlı isə görünən odur ki, ABŞ müəyyən mənada İsraildən uzaqlaşır. Çünki başa düşür ki, bu prosesi pozmaq və dağıtmaq onu fəaliyyətdə saxlamaqdan daha asandır.Hazırda çox həssas bir məqam yaşanır. Əgər ABŞ-nin nüfuzu İsraili ram etməyə çatacaqsa, o zaman ABŞ bu prosesin təşəbbüskarı kimi ideyanı məntiqi sonluğa qədər çatdıra bilər. Yox, əgər İsrail öz bildiyi kimi hərəkət edəcəksə, onda vəziyyət yenə də gərgin olaraq qalacaq".
Fatimə Məmmədova
17:00 22.06.2026
Oxunuş sayı: 55