Ukrayna strateji təşəbbüsü ələ alıb: Müharibənin taleyi həll olunur
Müharibənin taleyi təkcə cəbhə xəttindəki səngərlərdə deyil, həm də iqtisadiyyatın və logistikanın şah damarlarında həll olunur. Son aylar Ukraynanın Rusiyanın dərinliklərinə, xüsusən də paytaxt Moskva və ətrafındakı strateji enerji obyektlərinə yönəlmiş dron zərbələri münaqişənin xarakterini kökündən dəyişib. Bu hücumlar sadəcə hərbi taktika deyil, rəqibin iqtisadi sütunlarını sarsıtmağa yönəlmiş strateji gedişlərdir. Neft emalı zavodlarının hədəfə alınması, Moskva yaxınlığındakı güclü partlayışlar və ardınca gələn anomal "neft yağışları" müharibənin alovunu birbaşa böyük şəhərlərin və dinc əhalinin gündəlik həyatının mərkəzinə daşıyıb. Rəqəmlərin dilə gəldiyi və strateji üstünlüyün tərəf dəyişdiyi bu yeni mərhələ, həm iqtisadi fəsadları, həm də psixoloji təsirləri ilə müharibə tarixində yeni bir səhifə açır.

Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a açıqlama verib: "Son aylar ərzində Ukrayna Rusiyanın daha dərinliklərinə, xüsusilə də paytaxt Moskvaya və onun ətrafına dron zərbələrinin həm sayını, həm də effektivliyini artırıb. Ukraynanın əsas hədəfləri arasında paytaxtı və böyük şəhərləri neft və neft məhsulları ilə təmin edən böyük enerji obyektləri var. Bunların sırasında neft emalı zavodları da yer alır. Son günlər zərbələrin sayı təxminən 500 ilə 1000 arasında dəyişib ki, bu da Ukraynanın Rusiyanı daha çox narahat edə biləcək addımlarının artması ilə müşahidə olunur. Məsələn, neft emalı zavoduna endirilən zərbələrdən sonra Moskvanın cəmi 15 kilometrliyində güclü bir partlayış baş verdi. Partlayış nəticəsində neft emalı zavodunun 10 kilometrlik radiusunda neft yağışı müşahidə olundu ki, bu da insanlar arasında böyük təşvişə səbəb olub. Hadisələrin eyni tempdə davam etməsi Rusiyanın cavab zərbələri ilə də müşahidə olunacaq. Lakin strateji təşəbbüs artıq Ukrayna tərəfinə keçir. Bu məsələ gözləniləndir. Rəqəmlər belə bir reallığı formalaşdırmaq, əsas itkiləri daha qabarıq göstərmək və ölkə iqtisadiyyatında neft zərbələrinin, eləcə də neft yağışlarının fəsadlarını tam ortaya qoymaq üçün çox realdır".
Turqut Ansari
12:15 22.06.2026
Oxunuş sayı: 73