Azərbaycanın dünya diplomatiyasına açılan yolu: ATƏM-ə üzvlükdən güclü dövlət siyasətinə qədər uzanan tarixi yol
1992-ci il Azərbaycan tarixinin ən mühüm dönüş nöqtələrindən biri kimi yadda qalıb. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikası həmin ilin 30 yanvar tarixində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə (ATƏM, sonradan ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) üzv qəbul olundu. Bu hadisə Azərbaycanın beynəlxalq münasibətlər sisteminə daxil olması, dünya dövlətləri ilə siyasi əlaqələr qurması və müstəqil dövlət kimi öz mövqeyini ortaya qoyması baxımından böyük tarixi əhəmiyyət daşıyırdı.
Müstəqilliyin ilk illəri Azərbaycan üçün olduqca mürəkkəb bir dövr idi. Ölkə həm siyasi sabitlik, həm iqtisadi çətinliklər, həm də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm vasitəyə çevrildi.
ATƏM-ə üzvlük Azərbaycanın sülhə, təhlükəsizliyə, dövlətlərin ərazi bütövlüyünə və beynəlxalq hüquq prinsiplərinə hörmət edən dövlət olduğunu göstərirdi. Azərbaycan bu platformadan istifadə edərək öz milli maraqlarını müdafiə etməyə, regionda baş verən proseslər barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmağa başladı.
Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin siyasi irsi xüsusi yer tutur. 1993-cü ildən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi sabitliyin bərpası, dövlət institutlarının gücləndirilməsi və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Heydər Əliyevin uzaqgörən diplomatiyası nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində özünəməxsus yer qazandı. Onun həyata keçirdiyi balanslı xarici siyasət Azərbaycanın müxtəlif dövlətlərlə əməkdaşlığını genişləndirdi, ölkənin beynəlxalq nüfuzunun artmasına şərait yaratdı. Məhz bu dövrdə Azərbaycanın milli maraqlarını əsas götürən müstəqil xarici siyasət xətti formalaşdı.
Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada daha da güclənərək regional lider dövlətə çevrildi. Ölkənin diplomatik imkanları genişləndi, iqtisadi inkişaf və enerji layihələri Azərbaycanın dünya miqyasında strateji əhəmiyyətini artırdı.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan öz milli maraqlarını beynəlxalq müstəvidə daha fəal şəkildə müdafiə etdi. Ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətində aparılan siyasət Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil etdi.
Bu gün Azərbaycan ATƏT və digər beynəlxalq platformalarda öz mövqeyi olan, müstəqil qərarlar qəbul edən, milli maraqlarını inamla müdafiə edən bir dövlətdir. 1992-ci ildə ATƏM-ə üzvlük ilə başlayan bu diplomatik yol illər ərzində güclü dövlətçilik strategiyası ilə davam etdirildi.
Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası, diplomatik uğurları və artan nüfuzu bir daha göstərir ki, müstəqillik yalnız siyasi hadisə deyil, həm də onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək məsuliyyətidir.
1992-ci il Azərbaycanın dünya diplomatiyasına daxil olduğu tarixdirsə, sonrakı illər bu yolun güclü dövlətçilik iradəsi və qətiyyətli siyasətlə davam etdirildiyi bir dövr kimi tarixə yazıldı.
Elmir Heydərli
19:10 19.06.2026
Oxunuş sayı: 52