Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət edib
“Environmental Protection First” Koalisiyası Ermənistanda “Liderlər təbiət naminə” devizi altında keçiriləcək Liderlər Sammiti və COP17 iştirakçılarına müraciət ünvanlayıb.
Crossmedia.az xəbər verir ki, müraciəti Koalisiyanın həmtəsisçisi Amin Məmmədov oxuyub.
“Biz - Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin ətraf mühitə, transsərhəd çaylara təsirlərinin ictimai monitorinqini həyata keçirən Azərbaycanın vətəndaş cəmiyyəti fəallarından ibarət “Environmental Protection First” Koalisiyası olaraq, 2026-cı ilin oktyabrında İrəvanda keçiriləcək COP17 sədrliyinə və bu tədbirdən öncə Ermənistanın təşəbbüsü ilə planlaşdırılan “Liderlər təbiət naminə” devizi altında Liderlər Sammiti iştirakçılarına müraciət edirik.
Kunminq-Monreal Qlobal Biomüxtəliflik Çərçivə Proqramı ölkələrin biomüxtəlifliyə dair hədəflərə nail olunmasındakı irəliləyişləri və Ətraf Mühit - İqtisadi Hesabatlıq Sisteminin tətbiqini mühüm vəzifə kimi müəyyən edən mühüm beynəlxalq sənəddir. COP17 bu Proqramın icrası üzrə qlobal qiymətləndirmə baxımından vacib mərhələ olacaq. Bu səbəbdən biomüxtəlifliyin qorunması konkret addımlarla müşayiət olunmalıdır.
Ermənistanda beynəlxalq ekoloji normalara məhəl qoyulmadan aparılan dağ-mədən sənayesi fəaliyyəti Cənubi Qafqaz regionunda biomüxtəliflik, ətraf mühit, su ehtiyatları və ekosistemlər üçün ciddi ekoloji risklər daşıyır. Ötən 3 il ərzində biz dəfələrlə bu mövzuda Ermənistan hakimiyyətinə ictimai çağırışlar etmiş, problemlərin həllinə nail olmaq istəyən Ermənistanın ekoloji təşkilatları ilə həmrəylik ifadə etmişik.
Ermənistandan öz başlanğıcını götürən və Azərbaycan ərazisinə axan transsərhəd çayların bir neçəsinin yuxarı axınında, mənbəyə yaxın nöqtələrdə dağ-mədən sənayesi fəaliyyətinin davam etdirilməsi bu çayların aşağı axınında aparılan müşahidə və monitorinqlərin nəticələrinə əsasən zərərli maddələrin səviyyəsinin normadan yüksək olmasına səbəb olub.
“Environmental Protection First” Koalisiyası olaraq, mövcud ekoloji vəziyyətin şəffaf və hərtərəfli qiymətləndirilməsi məqsədilə Ermənistan ərazilərində beynəlxalq eskpertlərin iştirakı ilə birgə monitorinqlərin aparılmasını vacib hesab edirik. Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin ictimaiyyətə açıqlanması təmin olunmalıdır.
Azərbaycan BMT-nin Avropa İqtisadi Komissiyasının Su Konvensiyasının tərəfidir. Bu baxımdan. transsərhəd sular üzrə birgə monitorinqlərin aparılmasını, məlumat mübadiləsini, erkən xəbərdarlıq mexanizmlərinin yaradılmasını və ictimaiyyətin məlumatlandırılmasını son dərəcədə əhəmiyyətli hesab edirik. Ermənistan Azərbaycana axan transsərhəd çayların yuxarı axınında yerləşən ölkə kimi hazırda bu Konvensiyanın da tərəfi deyil, halbuki, bu transsərhəd çaylar Kür-Araz hövzəsinin və yekunda Xəzər dənizinin biomüxtəlifliyi üçün ciddi ekoloji nəticələr yaradır.
Ermənistanın da tərəf çıxdığı Espoo Konvensiyası BMT-nin transsərhəd kontekstdə ətraf mühitə olan təsirlərin qiymətləndirilməsi ilə əlaqədar beynəlxalq sazişlərindən biridir. Bu konvensiyaya tərəf çıxan dövlətlər öz ərazilərində qonşu ölkə ilə sərhədə yaxın yerlərdə həyata keçirdikləri iqtisadi fəaliyyətlər, o cümlədən mədən sənayesi fəaliyyəti ilə bağlı mütləq şəkildə qonşu ölkənin ictimaiyyətinə və hökumətinə məlumat verməli, bu fəaliyyətlər üzrə ƏMTQ hesabatlarını hazırlayıb təqdim etməlidirlər. Bu, Ermənistanın öhdəliyidir.
Hələ 2014-cü ildə Espoo Konvensiyasının tərəfi olan ölkələrin iclasında Ermənistan Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətini bərpa ediləcəyi təqdirdə, qonşu ölkələrə transsərhəd kontekstdə ƏMTQ hesabatları təqdim etməyə dair öhdəlik götürüb. Ermənistan köhnə nüvə reaktorunun dəyişdirilməsi ilə bu stansiyanın fəaliyyətini bərpa etmək barədə tərəfdaşları ilə danışıqlar aparsa da, ətraf mühitə təsir, radioaktiv çirklənmənin qarşısını alma tədbirləri haqqında ictimai hesabatlılıq nümayiş etdirməyib. Radioaktiv çirklənmə biomüxtəlifliyin qorunması üçün ən böyük təhlükələrdən biridir.
Hesab edirik ki, tarixi Vaşinqton Zirvəsindən sonra formalaşmış Azərbaycan və Ermənistan arasında sülh gündəliyi bu sahədə vətəndaş cəmiyyəti təsisatlarının da sıx əməkdaşlığı üçün imkan yaradıb. “Environmental Protection First” Koalisiyası olaraq, Azərbaycan və Ermənistan arasında sülh gündəliyini alqışlayıq, hesab edirik ki, məhz ekoloji ədalət Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə mühüm töhfə verə bilər.
Biz BMT-nin Bioloji Müxtəliflik Haqqında Konvensiyası üzrə Tərəflərin 17-ci Konfransı (COP17) sədrliyini və Liderlər Sammiti iştirakçılarını transsərhəd çayların mühafizəsi, dağ-mədən sənayesi fəaliyyətlərinin düzgün idarə olunması, şəffaf monitorinq mexanizmlərinin yaradılması və monitorinqlərin aparılması, məlumatlara çıxışın əlçatan olması istiqamətində Ermənistanı konkret, ölçüləbilən qərarların qəbuluna sövq etməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunub.
16:10 19.06.2026
Oxunuş sayı: 48