Azərbaycan iqtisadiyyatına 5 milyard dollarlıq maliyyə dəstəyi - İslam İnkişaf Bankı ilə əməkdaşlıq
Azərbaycan və İslam İnkişaf Bankı (İİB) Qrupu arasında əməkdaşlığın inkişafına yönəlmiş sənədlər imzalanıb. İmzalanma mərasimi iyunun 18-də Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi çərçivəsində baş tutub. Sənədlər Azərbaycan Prezidenti İlham Əliyev və İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirin iştirakı ilə imzalanıb. Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında imzalanan yeni sənədlər ölkənin iqtisadi inkişaf strategiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq çərçivəsində nəzərdə tutulan maliyyə resursları və investisiya paketləri Azərbaycanın həm infrastruktur, həm də sosial-iqtisadi inkişaf prioritetlərinin dəstəklənməsinə yönəlir. Sazişlərin mahiyyəti yalnız maliyyə vəsaitlərinin ayrılması ilə məhdudlaşmır, eyni zamanda ölkədə dayanıqlı inkişaf, yaşıl iqtisadiyyatın təşviqi, iqlim dəyişikliklərinə uyğunlaşma və regionların inkişafı kimi strateji istiqamətləri də əhatə edir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma layihələri bu əməkdaşlığın əsas prioritetlərindən biri kimi çıxış edir. Bu kontekstdə əsas suallardan biri ondan ibarətdir ki, imzalanan müqavilələr Azərbaycanın iqtisadiyyatına hansı real qatqıları verə bilər və bu vəsaitlər ölkənin uzunmüddətli inkişaf dinamikasına necə təsir göstərəcək? Eyni zamanda, bu əməkdaşlıq çərçivəsində maliyyə axınlarının artırılması qeyri-neft sektorunun gücləndirilməsinə və investisiya mühitinin daha da yaxşılaşdırılmasına nə dərəcədə töhfə verə bilər?
Ekspertlər mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verib:
Milli Məclisin deputatı Zaur Şükürov bildirib ki, məlum olduğu kimi, Bakı şəhəri daha bir mötəbər beynəlxalq tədbirə - İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarına ev sahibliyi edir:
"Tədbirin keçirilməsi ilə bağlı qərar Qrupun Müdirlər Şurası tərəfindən 2025-ci il mayın 22-də qəbul edilmiş və bununla əlaqədar “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında həmin il müvafiq Anlaşma Memorandumu imzalanmışdır. Xüsusi olaraq, qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uzaqgörən daxili və xarici siyasət kursunun Prezident cənab İlham Əliyev tərəfindən son dərəcə uğurla davam etdirilməsi, xüsusilə də Möhtərəm Prezidentimizin yaratdığı yeni geosiyasi reallıqlar nəticəsində son 23 ildə ölkəmiz davamlı inkişafa nail olmuş, Azərbaycan təhlükəsizlik adasına çevrilmiş, torpaqlarımız erməni işğalından azad edilərək, ərazi bütövlüyümüz və suverenliyimiz təmin edilmişdir. Məhz bunun sayəsində, Azərbaycana beynəlxalq miqyasda inam və etimad davamlı olaraq artmış və ölkəmiz çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməkdədir. 1992-ci ildən Bankın üzvü olan Azərbaycan Respublikası 2013-cü ildə Bankın beşinci kapital artımında iştirak etmiş və əlavə pay əldə etmişdir. İslam İnkişaf Bankı Qrupunun Toplantılarının Bakı şəhərində təşkili Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin regional və beynəlxalq tərəfdaşlıqlarının möhkəmlənməsinə, İslam maliyyə institutları ilə əməkdaşlığın genişlənməsinə, Azərbaycan Respublikasının iqtisadi və investisiya potensialının tanıdılmasına müsbət töhfə verəcəkdir. Azərbaycan və İslam İnkişaf Bankı arasında əməkdaşlıq enerji, su təchizatı və kanalizasiya, şəhər təsərrüfatı, iqtisadi və sosial infrastruktur, eləcə də maliyyə resurslarına çıxış sahələrini əhatə edir. İndiyədək ümumi dəyəri 1 milyard ABŞ dollarından artıq olan layihələr maliyyələşdirilmiş, bir sıra layihələrin icrası isə hazırda davam etdirilir. Tədbir çərçivəsində “Qarabağ suvarma kanalının yenidən qurulması” layihəsi üzrə Çərçivə (Kredit) sazişi, “Qarabağ suvarma kanalının yenidən qurulması” layihəsi üzrə Qrant Sazişi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikası üçün Üzv Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanmasına dair Anlaşma Memorandumu imzalanması da bu istiqamətdə əməkdaşlığın genişləndirəcəyini deməyə əsas verir”.

Deputat əlavə edib ki, Prezident cənab İlham Əliyev dünən Qrupun İllik Toplantılarının açılış mərasimində çıxışında İslam dünyasının etibarlı və nüfuzlu dövləti olan Azərbaycanın dünyanın mühüm maliyyə institutlarından biri İslam İnkişaf Bankı Qrupu ilə əlaqələrinin inkişaf perspektivləri, habelə ölkəmizin əldə etdiyi uğurlar və qarşıdakı hədəflər, regional və qlobal əhəmiyyətli məsələlər barədə çox önəmli fikirlər səsləndirdi: “Dövlət başçısının çıxışında yer alan mühüm mesajlardan biri torpaqlarımız işğal altında olduğu dönəmdə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin işğalın davamlılığına xidmət edən fəaliyyətsizliyi və bu xüsusda, öz nüfuzlarından istifadə edərək işğalçı Ermənistana qarşı hər hansı sanksiya və ya məcburedici tədbirlər həyata keçirmədiyini, əksinə beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında, ərazi bütövlüyü və suverenliyini, ədaləti bərpa etmək istəyən Azərbaycana “gedin razılaşın”, “bu münaqişənin hərbi həlli yoxdur”, “siz müharibəyə başlaya bilməzsiniz”, “əgər müharibəyə başlasanız, sanksiyalara məruz qalacaqsınız” kimi çoxsaylı riyakar mesajlar verən dövlətlərin və təşkilatların həqiqi simasını bir daha ifşa etdi. Amma bütün bu kimi riyakar davranışlara, ikili standartlara əsaslanan mövqelərə baxmayaraq, Prezident cənab İlham Əliyevin heyrətamiz liderliyi və sərkərdəliyi, şəhidlərimizin, qazilərimizin, Silahlı Qüvvələrimizin misilsiz şücaəti sayəsində torpaqlarımız işğaldan azad edildi, onilliklər ərzində Ermənistanın məhz öz himayədar dövlətlərinin dəstəyi ilə həyata keçirdiyi işğalçılıq, separatçılıq, terror siyasətinə nəhayət son qoyuldu. Tarixi Zəfərimizdən sonra Prezidentimiz tərəfindən irəli sürülən sülh təşəbbüsü nəticəsində bu gün Azərbaycanla Ermənistan arasında normallaşma prosesi istiqamətində mühüm uğurlar əldə edilməkdədir. Nəhayət regionumuzda davamlı sülh və sabitlik, inkişaf üçün əlverişli şərait yaranmışdır. İstər Ermənistan, istərsə də onların ənənəvi himayədarları bu tarixi imkanı düzgün qiymətləndirməli, regionun sülh və sabitlik mühitində inkişafında maraqlıdırlarsa, bu istiqamətdə düzgün addımlar atmalıdır”.
İqtisadçı Rəşad Həsənov isə açıqlamasında qeyd edib ki, Azərbaycan və İslam İnkişaf Bankı Qrupunun bugünkü görüşlərində əldə edilən razılaşma nəticəsində orta müddətli dövrdə Azərbaycan iqtisadiyyatına təxminən 5 milyard dollarlıq vəsaitin müxtəlif kanallar vasitəsilə inyeksiya edilməsi imkanı formalaşır: "Bu vəsaitlərə infrastruktur layihələrinin həyata keçirilməsi, ekoloji və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirləri, eləcə də iqtisadiyyatın yaşıl transformasiyası istiqamətində layihələrin dəstəklənməsi daxildir. Eyni zamanda, birbaşa maliyyə kanalları vasitəsilə fondlar, kredit təşkilatları və banklar üzərindən maliyyə əlçatanlığının artırılması istiqamətində vəsaitlərin yönləndirilməsi də bu sazişlərin əhatə dairəsinə daxildir. Ümumilikdə qeyd etmək lazımdır ki, İslam İnkişaf Bankı ilə Azərbaycan arasında əvvəlki dövrlərdə də bu istiqamətdə uğurlu əməkdaşlıq modeli mövcud olub. Bu isə növbəti mərhələdə qarşıya qoyulan hədəflərə nail olunması ehtimalının yüksək olduğunu deməyə əsas verir”.

İqtisadçı əlavə edib ki, infrastruktur layihələri, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin yenidən qurulması xüsusi olaraq qeyd olunmalıdır: “Bu, çox vacib məsələlərdən biridir. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı üçün, xüsusilə də növbəti dövrlərdə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi baxımından su resurslarının idarə olunması mühüm risklərdən biri olaraq qalır. Ölkə ciddi şəkildə iqlim dəyişikliklərinin təsirləri ilə üz-üzədir və mövcud infrastruktur, eləcə də tətbiq edilən modellər resursların səmərəli istifadəsi və bölgüsü imkanlarını məhdudlaşdırır. Ona görə də hesab edirəm ki, bu əməkdaşlıqlar çərçivəsində, xüsusilə su resursları və müasir infrastrukturun formalaşdırılması çox vacibdir. Bu istiqamətdə həm qrant, həm də kredit şəklində vəsaitlərin ayrılması növbəti dövrdə işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının qısa müddətdə səmərəli istifadəsi, həm də uzunmüddətli dayanıqlı inkişaf baxımından əhəmiyyətlidir. Digər tərəfdən qeyd etdiyimiz kimi, Azərbaycanda sahibkarların ən ciddi problemlərindən biri maliyyə əlçatanlığıdır. Müxtəlif banklar və fondlar vasitəsilə məqsədli vəsaitlərin ayrılması bu sövdələşmələr çərçivəsində həm bankların resurslara çıxış imkanlarının genişlənməsi, həm də xarici vəsaitlərin Azərbaycan iqtisadiyyatının dinamikasının dəstəklənməsinə töhfəsinin artması baxımından əhəmiyyətlidir. Çünki ölkə iqtisadiyyatı hazırda müəyyən stagnasiya riskləri ilə üz-üzədir və kənardan bu istiqamətdə göstərilən maliyyə dəstəyi katalizator effekti yaradaraq həmin risklərin müəyyən qədər azaldılmasına töhfə verə bilər”.
Ayhan
15:46 19.06.2026
Oxunuş sayı: 48