Vəziyyət dəyişir: Azərbaycan və Ermənistan arasında sülh prosesi uzanacaq
Ermənistan daxilində siyasi gərginliyin yeni mərhələyə keçməsi və parlament müxalifətinin iclasları boykot etməsi ölkənin daxili siyasi gündəmini yenidən diqqət mərkəzinə gətirib. Xüsusilə regionda sülh prosesinin həssas mərhələdə olduğu bir vaxtda baş verən bu fikir ayrılıqları Ermənistan hakimiyyətinin qərarvermə imkanlarına və strateji məsələlər üzrə manevr sahəsinə necə təsir göstərəcəyi sualını aktuallaşdırır. Bu fonda əsas müzakirə mövzularından biri də budur: daxili siyasi qarşıdurma və parlament daxilində yaranan parçalanma Azərbaycan–Ermənistan sülh prosesinin gedişinə mane ola, yoxsa bu proses daxili siyasi mübarizədən kənarda saxlanılacaq?
Mövzu ilə bağlı politoloq Aydın Quliyev Crossmedia.az-a açıqlama verib:

“Hazırda Ermənistanda revanşist qüvvələrin və onların Kremldəki havadarlarının diqqət mərkəzində olan əsas məsələlərdən biri Ermənistan müxalifətinin bundan sonrakı mərhələdə necə davranacağıdır. Daha dəqiq desək, həm revanşist dairələr, həm də onları dəstəkləyən xarici siyasi mərkəzlər ümidlərini parlament müxalifətinin atacağı addımlara bağlayıblar. Mövcud siyasi vəziyyət isə müəyyən mürəkkəblik yaradır. Belə ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin parlamentdə konstitusion çoxluğu təmin edə bilməməsi yeni siyasi və hüquqi reallıq formalaşdırır. Bu məqam xüsusilə Azərbaycanla sülh sazişinin imzalanması perspektivinə təsir edə biləcək amillərdən biri kimi qiymətləndirilir”.
Politoloq əlavə edib ki, məlum olduğu kimi, Azərbaycan tərəfi sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişikliklərin vacibliyini dəfələrlə vurğulayıb: “Lakin parlamentdə konstitusion çoxluğun olmaması referendumun keçirilməsi və ya dəyişikliklərin hüquqi mexanizmlərlə reallaşdırılması prosesində əlavə çətinliklər yarada bilər. Nəzərə alsaq ki, Ermənistan müxalifətinin müəyyən hissəsinin xarici təsirlər altında hərəkət etdiyi barədə iddialar da səsləndirilir, bu halda konstitusiya dəyişiklikləri prosesinə parlament daxilində müxtəlif hüquqi və siyasi maneələrin yaradılması ehtimalı istisna edilmir. Bu maneələr prosesi tam dayandırmasa belə, onun ləngiməsinə səbəb ola bilər. Belə bir ssenari isə nəticə etibarilə Azərbaycan–Ermənistan sülh sazişinin imzalanması prosesinə mənfi təsir göstərə, vaxt baxımından uzanmasına səbəb ola bilər. Bu baxımdan Ermənistanda baş verən prosesləri diqqətlə izləmək vacibdir. Hazırkı mərhələdə əsas məqam ondan ibarətdir ki, Azərbaycanın sülh sazişinə dair mövqeyi dəyişməz olaraq qalır. Eyni zamanda, Ermənistan hakimiyyətinin də bu istiqamətdə siyasi iradəsini qoruyub saxladığına dair gözləntilər mövcuddur. Yaranmış çətinliklərin müəyyən zaman itkisi hesabına olsa belə aradan qaldırılması və tərəflərin sülh gündəliyinə sadiq qalması regionda sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”.
Ayhan
12:13 19.06.2026
Oxunuş sayı: 46