Prezidentdən sərəncam: Sahibkarların yükü azalacaq
Prezident İlham Əliyevin imzaladığı yeni sərəncam yerli istehsalın və qeyri-neft ixracının təşviqi istiqamətində dövlət siyasətinin davamı kimi qiymətləndirilir. Sərəncama əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi yığımlarının dövlət büdcəsi hesabına kompensasiya olunması xüsusilə sahibkarların maliyyə yükünün azaldılması və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından diqqət çəkir. Qeyri-neft sektorunun iqtisadi artımın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyi şəraitdə bu qərarın həm ixrac potensialına, həm də yerli biznes mühitinin rəqabət qabiliyyətinə hansı təsirləri göstərəcəyi maraq doğuran əsas məsələlərdən biridir. Bu fonda sual yaranır: yeni kompensasiya mexanizmi qeyri-neft ixracının artımında və sahibkarlığın inkişafında nə dərəcədə effektiv rol oynaya bilər?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov Crossmedia.az-a açıqlama verib:

“Prezident İlham Əliyevin imzaladığı bu fərman ölkədə qeyri-neft sektorunun inkişafına və ixracın stimullaşdırılmasına xidmət edən mühüm qərarlardan biridir. Məlumdur ki, son illərdə Azərbaycanın iqtisadi siyasətində əsas məqsədlərdən biri iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun daha da gücləndirilməsidir. Bu baxımdan qəbul edilən yeni qərar sahibkarların fəaliyyətinə əlavə dəstək kimi qiymətləndirilə bilər. Fərmanın əsas mahiyyəti ondan ibarətdir ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac zamanı ödədikləri müəyyən gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən kompensasiya olunacaq. Bu isə sahibkarların maliyyə yükünün azalmasına imkan yaradacaq. Nəticədə məhsulların xarici bazarlara çıxarılması daha əlverişli olacaq və ixrac imkanları genişlənəcək.
Bu qərar xüsusilə regionlarda fəaliyyət göstərən istehsalçılar üçün böyük əhəmiyyət daşıyır. Çünki bir çox hallarda əlavə xərclər sahibkarların ixrac imkanlarını məhdudlaşdırırdı. Dövlət dəstəyi sayəsində isə onların beynəlxalq bazarlara çıxışı daha da asanlaşacaq”.
Deputat əlavə edib ki, eyni zamanda bu fərman yerli istehsalın artırılmasına, yeni iş yerlərinin yaradılmasına və ölkəyə daxil olan valyuta gəlirlərinin artmasına müsbət təsir göstərəcək: “Qeyri-neft məhsullarının ixracının genişlənməsi Azərbaycanın xarici ticarət imkanlarını artıracaq və iqtisadiyyatın dayanıqlığını daha da gücləndirəcək.
Ümumilikdə, bu fərman dövlətin sahibkarlığa verdiyi dəstəyin növbəti nümunəsidir. Qərarın icrası həm ixrac potensialının artmasına, həm də qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcək. Bu baxımdan fərmanı ölkə iqtisadiyyatının inkişafına xidmət edən mühüm və vaxtında qəbul olunmuş addım kimi qiymətləndirmək olar”.
Ayhan
11:30 19.06.2026
Oxunuş sayı: 67