ŞAD XƏBƏR: Regionlardakı həkimlərə mənzil təminatı, əməkhaqqı əlavəsi, sosial təminat…
Azərbaycanda səhiyyə sisteminin qarşısında duran əsas məsələlərdən biri kimi regionlarda həkim təminatı yenidən müzakirə mövzusuna çevrilib. Milli Məclisin komitə iclasında səsləndirilən fikirlərə görə, ölkə üzrə ümumi həkim sayı beynəlxalq müqayisədə qənaətbəxş hesab olunsa da, əsas problem bu resursun bölgələr üzrə qeyri-bərabər paylanması ilə bağlıdır. Bildirilir ki, həkimlərin böyük hissəsinin Bakı və iri şəhərlərdə cəmləşməsi nəticəsində regionlarda xüsusilə bəzi ixtisaslar üzrə ciddi kadr çatışmazlığı yaranır. Bu isə vacib sualı gündəmə gətirir: Azərbaycanda həqiqətən həkim qıtlığı yoxdur, yoxsa problem mövcud kadr potensialının düzgün yerləşdirilməməsi və idarə olunmasındadır? Regionlarda tibbi xidmətin əlçatanlığını təmin etmək üçün hansı mexanizmlər tətbiq olunmalıdır və həkimləri bölgələrdə çalışmağa təşviq etmək nə dərəcədə mümkün görünür?
Mövzu ilə bağlı professor Adil Qeybulla Crossmedia.az-a açıqlama verib:

“Ümumiyyətlə, həkim çatışmazlığı bu gün dünyada ciddi problemlərdən biridir. Bu problem Avropanın demək olar ki, bütün ölkələrində müşahidə olunur. Təsadüfi deyil ki, Azərbaycan və keçmiş SSRİ ölkələrindən olan həkimlərin müəyyən hissəsi Almaniya, İngiltərə, Fransa kimi ölkələrdə işləyirlər. Bunun əsas səbəbi həmin ölkələrdə həkimə olan ehtiyacın yüksək olmasıdır. Amma Azərbaycanda biz imkan daxilində öz peşəkar kadrlarımızı qoruyub saxlamağa çalışmalıyıq. Xüsusilə regionlarda həkim çatışmazlığı daha qabarıq şəkildə hiss olunur. Regionlara həkimlərin cəlb olunması üçün konkret mexanizmlər hazırlanmalı, stimullaşdırıcı tədbirlər tətbiq edilməlidir. Mənzil təminatı, əməkhaqqı əlavələri, sosial təminat və digər təşviq mexanizmləri bu istiqamətdə rol oynaya bilər”.
Professor əlavə edib ki, bunlar hazırda TƏBİB-in qarşısında duran əsas məsələlərdən biridir. Biz elə şərait yaratmalıyıq ki, həkimlər ölkədən getməyə maraqlı olmasınlar: “Əlimizdə olan insan resurslarından maksimum səmərə ilə istifadə etməyə çalışmalıyıq. Dünyada bu problemin həlli üçün artıq sınaqdan çıxmış mexanizmlər mövcuddur və biz də həmin təcrübələrdən faydalanmalıyıq. Məqsəd elə bir sistem qurmaq olmalıdır ki, Azərbaycan həkimləri yalnız Bakıda deyil, regionlarda da işləməyə maraq göstərsinlər və öz gələcəklərini ölkə daxilində görsünlər”.
Ayhan
09:30 19.06.2026
Oxunuş sayı: 55