Məhərrəmlikdə toy edən də, etməyən də haqlıdır - İlahiyyatçı
Məhərrəmlik ayı İslam dünyasında hüzn və düşüncə ayı kimi qəbul olunur. Buna görə də bəzi insanlar bu ayda toy və şənlik keçirməməyi üstün tuturlar. Lakin məsələyə yalnız bir ayla məhdud yanaşmaq da düzgün deyil.
Əgər insan toyda və ya hər hansı məclisdə həddindən artıq israfa yol verirsə, başqalarının haqqına girirsə və ya dini-mənəvi dəyərlərə zidd davranırsa, bunu təkcə Məhərrəmlik ayında deyil, ilin bütün aylarında etməməlidir. Əksinə, əgər hər hansı bir iş halal və doğru hesab olunursa, ona yalnız müəyyən ayda qadağa qoyub digər aylarda sərbəst şəkildə etmək məsələnin mahiyyətini dəyişmir. Əsas olan insanın niyyəti, davranışı və mənəvi dəyərlərə hər zaman hörmətlə yanaşmasıdır. Məhərrəmlik ayı insanlara sadəcə bir ay ərzində deyil, bütün həyat boyu mərhəmətli, təmkinli və vicdanlı olmağı xatırladan mənəvi bir məktəbdir.
İlahiyyatçı Əkrəm Həsənov çoxumuza qaranlıq qalan o mövzu barədə Crossmedia.az-a danışıb:

"Bildiyimiz kimi islam dininə görə hicri tarixlə Məhərrəm ayının xüsusi yeri var. Bu ay hörmətli aylardan biri hesab olunur. Ona görə də hər il Məhərrəm ayı yaxınlaşanda cəmiyət arasında qədimdən qalan bəzi yanlış adətlər yenə də icrada qalır. Ən çox da cəmiyyətin böyük hissəsinin bu ayda toy, nişan, xeyir işlərin icra olunub olunmaması məsələsində mübahisələr və əks davranışlar sərgilənir. Bəs bunun dini hökmü necə olmalıdır sualına cəmiyyət doğru cavab tapmaq istəyir. İnsanlar tez-tez soruşurlar ki, Məhərrəm ayında toy etmək günahdırmı, bu ayda şənlik keçirmək dinə zidd hesab olunurmu? Bildiyimiz kimi Qurani Kərimdə və səhih hədislərdə Məhərrəm ayında toy etməyi qadağan edən hər hansı hökm yoxdur. Əksinə, Quranda nikah təşviq edilir. Uca Allah buyurur: "Nikahsız olanları evləndirin..." (Nur, 32).
Ayədə nikah üçün xüsusi ay və ya gün məhdudiyyəti qoyulmur. Bu da göstərir ki, nikah İslamda bəyənilən və təşviq olunan bir əməldir. Həmçinin islamın təşəkkül tapdığı ilk dövrlərdən indiyə qədər həm Allah Rəsulunun (s.ə.s) səhabələri, həm də əhli beytin əsas nümayəndələri, onların doğru yolda olan ardıcılları bu ayda öz övladlarına nikah ediblər.
Məhərrəm ayı Quranda xüsusi hörmət verilən dörd haram aydan biridir. Allah buyurur: "Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Bunlardan dördü haram aylardır..." (Tövbə, 36). Təfsir alimləri bildirirlər ki, bu aylarda əsas diqqət günahlardan çəkinməyə, ibadətə və mənəvi təmizlənməyə yönəlməlidir. Lakin ayədə və ya digər dini mənbələrdə toyların qadağan edilməsi barədə heç bir göstəriş yoxdur. Məhərrəm ayının onuncu günü olan Aşura günü müsəlman tarixində mühüm hadisələrlə yadda qalmışdır. Həm həzrət Musa (əleyhissalam) və İsrail oğullarının Fironun zülmündən qurtuluşu, həm də hicrətin 61-ci ilində Kərbəla hadisəsi bu günlə əlaqələndirilir. Xüsusilə İmam Hüseynin (r.a) və yaxınlarının şəhid edilməsi İslam tarixinin ən ağrılı hadisələrindən biri hesab olunur. Bu səbəbdən müsəlmanların böyük hissəsi Məhərrəm ayında daha çox mənəvi düşüncəyə üstünlük verir. Lakin burada mühüm bir məqam var. Kərbəla hadisəsinə ehtiram göstərmək başqa, Allahın halal buyurduğu bir şeyi haramlaşdırmaq isə başqa məsələdir. Böyük İslam alimləri dəfələrlə vurğulayıblar ki, haram və halal hökmünü yalnız Allah müəyyən edir. İbn Teymiyyə, İmam Nəvəvi, İbn Kəsir, Şah Vəliullah Dəhləvi və digər alimlər qeyd etmişlər ki, müsəlmanlar müsibətlərdən ibrət götürməli, lakin dinə əlavə qadağalar gətirməməlidirlər. Tarixə nəzər saldıqda görürük ki, İslamın ilk əsrlərində Məhərrəm ayında nikah bağlanmasını qadağan edən ümumi bir ənənə mövcud olmayıb".
İlahiyyatçının sözlərinə görə, sonrakı dövrlərdə bəzi bölgələrdə Kərbəla hadisəsinə ehtiram əlaməti olaraq toyların təxirə salınması adət şəklində formalaşıb. Bu isə dini hökm deyil, sosial və mədəni seçimdir. Azərbaycan cəmiyyətində də bu məsələyə müxtəlif yanaşmalar mövcuddur:
"Xüsusilə ölkənin cənub bölgələrində insanlar Məhərrəm ayında toy etməməyi mənəvi hörmət əlaməti hesab edirlər. Digər bölgələrdə isə toylar normal qaydada keçirilir. Hər iki yanaşma qarşılıqlı hörmət çərçivəsində qiymətləndirilməlidir. Bir tərəf öz seçimindən dolayı başqasını günahkar hesab etməməli, digər tərəf də insanların dini hisslərinə hörmətlə yanaşmalıdır. Mən bu mövzu ilə bağlı əvvəlki çıxış və yazılarımda da vurğulamışam ki, İslam insanları çətinliyə salmaq üçün deyil, asanlaşdırmaq üçün göndərilmiş dindir. Quranda buyurulur: "Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir" (Bəqərə, 185). Məhəmməd peyğəmbər (s.ə.s) də buyurmuşdur: "Asanlaşdırın, çətinləşdirməyin" (Buxari, Müslim). Bu baxımdan ailə qurmaq istəyən insanların qarşısına dini əsas olmadan əlavə maneələr çıxarmaq düzgün yanaşma hesab edilmir.
Müasir sosial və psixoloji tədqiqatlar da göstərir ki, yas və kədər anlayışları cəmiyyətlərdə daha çox mədəni xüsusiyyət daşıyır. Müxtəlif xalqlar eyni hadisələrə fərqli reaksiyalar verirlər. Sosial psixologiyada kollektiv yaddaş anlayışı mövcuddur. Tarixi hadisələr əsrlər boyu insanların davranışlarına təsir göstərir. Məhərrəm ayında bəzi müsəlman cəmiyyətlərində toyların azaldılması da daha çox bu kollektiv yaddaşın və mədəni ənənələrin nəticəsi kimi qiymətləndirilir.
Məhərrəm ayında toy etmək və ya şadlıq mərasimi keçirmək İslam baxımından günah hesab edilmir. Quranda və səhih hədislərdə buna dair qadağa yoxdur. Bununla yanaşı, Kərbəla hadisəsinə hörmət əlaməti olaraq toyunu başqa vaxta keçirmək istəyən insanların seçiminə də hörmətlə yanaşmaq lazımdır. Əsas məsələ bir-birimizi ittiham etmədən, dini hökm ilə mədəni ənənəni qarışdırmadan mövzuya yanaşmaqdır. Din baxımından toy etmək halaldır. Toyu təxirə salmaq isə şəxsi seçim və mənəvi münasibət məsələsidir".
Ə.Həsənovun qənaətincə, Məhərrəm ayında toy etmək, şənlik keçirmək, doğum günü qeyd eləmək haqqında heç bir qadağa gəlməyib:
"Bəzi hədislərdə yəhudilərə və xristianlara bənzəməkdən çəkindirilmişdir. Əsasən siyasi məzhəblərin etdiyi əməllərin isə islam dini ilə heç bir əlaqəsi yoxdur. Xüsusi ilə özünə zülm eləmək, sinəyə, başa vurmaq, övladlarina sinəsinə vurmağı göstəriş vermək tamamilə islamdan uzaq anlayışlardır. Məhərrəm ayında digər aylarda olduğu kimi toy eləmək, evlənmək olar. Haramlar onsuzda həmişə haramdır. Haramları yalnız Məhərrəm ayına aid etmək islam dininə gorə doğru yanaşma deyil".
Fatimə Məmmədova
10:30 19.06.2026
Oxunuş sayı: 69