18 İyun – İnsan hüquqları gününün əhəmiyyəti
İnsan hüquqlarına hörmət cəmiyyətin demokratik inkişaf səviyyəsini, hüquqi dövlət prinsiplərinə sadiqliyini və insan ləyaqətinə verdiyi dəyəri göstərən əsas meyardır. İnsan hüquq və azadlıqlarının etibarlı qorunması cəmiyyətdə ədalətin, bərabərliyin, sosial sabitliyin vətəndaş həmrəyliyinin möhkəmlənməsinə xidmət edir. Məhz buna görə müasir demokratik dövlətlər insan hüquqlarının müdafiəsini fəaliyyətlərinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirirlər.
Azərbaycan Respublikası 1995-ci il 12 noyabrda ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyası ilə insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi elan edib. Əsas Qanunda insan vətəndaş hüquqlarının müdafiəsinə xüsusi yer ayrılıb. Yaşamaq, azadlıq, mülkiyyət, əmək, təhsil, söz və fikir azadlığı kimi fundamental hüquqlar Konstitusiyanın mühüm hissəsini təşkil edir. Bu, Azərbaycan dövlətinin bu sahəyə verdiyi önəmin açıq göstəricisidir.
Müstəqillik illərində insan hüquqlarının qorunması və demokratik institutların inkişafı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib. Bu sahədə əldə edilən nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası və islahatları ilə sıx bağlıdır. Onun təşəbbüsü ilə insan hüquqlarının müdafiəsinə yönəlmiş mühüm qanunvericilik aktları qəbul olunub. Hüquq sistemi təkmilləşdirilib və beynəlxalq standartlara uyğunlaşdırılıb.
Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində bir sıra beynəlxalq konvensiyalara qoşulub. Beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirib. Ölkədə insan hüquqlarının müdafiəsini təmin edən institusional mexanizmlər yaradılıb. Vətəndaşların hüquqlarının müdafiəsi üçün yeni imkanlar formalaşıb. Bu baxımdan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman institutunun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
İnsan hüquqları sahəsində aparılan siyasət bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il 18 iyun ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bu əlamətdar gün insan hüquqlarının təbliği, hüquqi maarifləndirmənin gücləndirilməsi vətəndaşların hüquqi biliklərinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial, iqtisadi, hüquqi və institusional islahatlar insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına xidmət edib. Elektron dövlət xidmətlərinin genişləndirilməsi, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, sosial müdafiə tədbirlərinin gücləndirilməsi, şəffaflığın vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər insan hüquqlarının praktik təminatını möhkəmləndirib.
Bu gün Azərbaycan insan hüquqlarının qorunmasını, qanunun aliliyinin təmin edilməsini və demokratik dəyərlərin inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi davam etdirir. İnsan hüquq və azadlıqlarının etibarlı müdafiəsi ölkənin davamlı inkişafının, vətəndaş rifahının və demokratik cəmiyyət quruculuğunun vacib şərtlərindən biri olaraq qalır.
Nigar Xəlilli
19:00 18.06.2026
Oxunuş sayı: 44