Azərbaycan Ermənistan hökumətinin möhkəmlənməsində maraqlıdır -RƏY
Cənubi Qafqazda davamlı sülhün və regional sabitliyin memarlığı artıq sadəcə hərbi-siyasi balansla deyil, həm də strateji iqtisadi gedişlərlə formalaşır. Azərbaycanın regiondakı geosiyasi fəaliyyəti göstərir ki, real sülhə gedən yol həm də praqmatik resurs diplomatiyasından və rəqibin daxili siyasi konfiqurasiyasını düzgün oxumaq bacarığından keçir. Xüsusilə Ermənistandakı seçki ərəfəsində Bakının humanitar və iqtisadi rıçaqları işə salaraq, qonşu ölkədəki revanşist dalğanı zərərsizləşdirmək və "real Ermənistan" konsepsiyasını dəstəkləmək istiqamətində atdığı addımlar, müasir diplomatiya tarixinə unikal bir taktiki gediş kimi düşür. Bu yanaşma, Azərbaycanın regionda təkcə hərbi güc deyil, həm də sabitliyin əsas moderatoru və gələcək sülhün qarantı rolunda çıxış etdiyini bariz şəkildə nümayiş etdirir.

Məsələ ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Crossmedia.az-a açıqlama verib: "Sülh prosesində əsas rol oynayan ölkə Azərbaycandır. Bu, Azərbaycanın liderliyini müəyyənləşdirir. Azərbaycanın Ermənistandakı seçkilərdən öncə atdığı addımlar seçki prosesinə və seçkilərin nəticələrinə təsir edən əsas faktorlardan biri oldu. Xüsusilə Azərbaycan üzərindən daşınan taxılın Ermənistana çatdırılması-yəni Qazaxıstan və Rusiya taxılının Azərbaycan vasitəsilə Ermənistana ötürülməsi-eyni zamanda Azərbaycan yanacağının Ermənistana göndərilməsi, təbii ki, Ermənistanda istər ərzaq məhsullarının, istərsə də yanacağın qiymətinin aşağı düşməsinə gətirib çıxardı. Bu da, öz növbəsində, seçki prosesinə təsir edən əsas amillərdən biridir".
Siyasi şərhçi onu da bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan digər Ermənistan rəhbərlindən fərqli olaraq sülh tərəfdarıdır: "Burada məqsəd sülh tərəfdarı olan və "real Ermənistan" konsepsiyası ilə çıxış edən, revanşistlərə qarşı kəskin mövqe tutan Paşinyanın qələbə qazanması idi və buna da nail olundu. Əlbəttə, bu da onu deməyə əsas verir ki, Azərbaycanın atdığı bu addım, əslində, ciddi və effektiv nəticələrlə müşahidə olundu. Ona görə düşünürəm ki, Azərbaycan bu cür addımların, yəni oxşar həmlələrin atılmasını davam etdirə bilər və bu, tamamilə doğru yanaşmadır. Çünki Ermənistanda seçki sonrakı proseslərdə müəyyən gərginlik var; müxalifətin seçki nəticələrini tanımaması ilə bağlı bəyanatları, revanşistlərin gərginlik yaratmaq cəhdləri və digər amillər hökumətə qarşı yönəlib. Amma Azərbaycan maraqlıdır ki, Ermənistan hökuməti daha da möhkəmlənsin və sülh prosesinin pozulmasına yönəlik addımlar atılmasın. Bu addım da, təbii ki, Azərbaycanın sülh prosesinin tamlığına təminat yaratmaq üçün atdığı bir addımdır və tamamilə doğru yanaşmadır".
Turqut Ansari
14:57 18.06.2026
Oxunuş sayı: 56