Çin və Hindistan Rusiyadan neft alışını azalda bilər: təzyiqlər artıb
ABŞ-nin Rusiyanın neft sektoruna qarşı sanksiyaları yenidən gündəmə gətirməsi ehtimalı beynəlxalq enerji bazarında diqqətlə izlənilir. Mövcud geosiyasi vəziyyət və neft tranziti ilə bağlı risklər bu istiqamətdə yeni qərarların qəbul olunmasını gündəmə gətirə bilər. Qeyd edək ki, nelə bir addım qlobal enerji balansına təsir etməklə yanaşı, bazarlarda qiymət dəyişkənliyini də artıra bilər. Xüsusilə də ABŞ və İran arasında olan razılaşmadan sonra Rusiyanın taleyi sual altında olaraq qalır.
Mövzunu Crossmedia.az-a şərh edən siyasi şərhçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, ABŞ ilə İran arasında artıq anlaşmanın əldə olunması və müharibə ilə əlaqədar Rusiyanın neftinə tətbiq olunan müəyyən sanksiyaların aradan qaldırılması ehtimalı var:

" Hesab edirəm ki, Rusiyanı çətin günlər gözləyir. Çin və Hindistana da Rusiyadan neft alışını dayandırmaları üçün təzyiqlər ediləcək. Bölgədə Avropa ölkələrinin donanmasının əməliyyatlar keçirdiyinin də şahidi oluruq. Rusiyaya qarşı tətbiq olunan sanksiyaların əsas məqsədi onu danışıqlar masasına əyləşdirmək və güzəştlərə məcbur etməkdir. Rusiya isə öz növbəsində bəzi ölkələrə qarşı sanksiyalar tətbiq etməyə çalışacaq. Bundan sonra Qərblə Rusiya arasında neftlə bağlı yeni bir qarşıdurmanın başlaması mümkündür".
Politoloq bildirib ki, Rusiya mövcud vəziyyətdən çıxmağa çalışsa da, bu, asan olmayacaq: "Çünki Qərbin əlində güclü nəzarət və təsir mexanizmləri olacaq. Bir sözlə, Rusiya üçün çətin bir mərhələ başlayır".
Fatimə Məmmədova
15:03 17.06.2026
Oxunuş sayı: 56