ABŞ-yə "diş qıcıyan" Fransa onunla bacarmayacağını anlamalıdır
ABŞ və Fransa arasındakı münasibətlər ənənəvi müttəfiqlik formatından rəsmi Parisin "müstəqil güb mərkəzi" olmaq ambisiyaları ilə Vaşinqtonun "mütləq tabelik" tələbi arasında sıxışan kəskin bir geopolitik rəqabət fazasına qədər irəliləyib. Ağ Evin ticarət müharibəsi təhdidləri və Parisə rəqəmsal xidmət vergisi üzərindən etdiyi son xəbərdarlıqlar, əslində, iqtisadi bir çəkişmədən daha çox, İqlim sazişi, gömrük rüsumları, Ukrayna böhranı və Yaxın Şərq strategiyalarındakı fundamental siyasi qütbləşmənin növbəti təzahürüdür. Hazırkı mənzərə sübut edir ki, tərəflər arasında siyasi konsensus əldə olunmayana qədər iqtisadi sanksiyalar və qarşılıqlı təzyiqlər qaçılmaz xarakter daşıyacaq; lakin bu asimmetrik güb yarışında Parisin Vaşinqton qarşısındakı real potensialı prosesin geosiyasi sərhədlərini diktə edən əsas amil olaraq qalmaqdadır.

Məsələ ilə bağlı Ədalət partiyasının sədri Mütəllim Rəhimli Crossmedia.az-a açıqlama verib: "ABŞ ilə Avropa İttifaqı (Aİ) arasında fikir ayrılıqları yeni deyil. Trampın ikinci dəfə prezidentliyə başladığı vaxtdan bəri zaman-zaman bu cür fərqli baxışlar ortaya çıxıb. ABŞ-nin İqlim sazişindən çıxması ilə məlum olan fərqliliklər getdikcə dərinləşməkdədir. Daha sonra Trampın Avropa ölkələrindən idxal olunan məhsullara qarşı tətbiq etdiyi vergi rüsumları vəziyyəti xeyli qəlizləşdirdi".
Partiya sədri qeyd edib ki, münasibətlərin kəskinləşməsində Ukrayna müharibəsindəki fikir ayrılıqları da rol oynayıb:
"Ukrayna müharibəsinə münasibətdə ortaya çıxan fikir ayrılıqları siyasi bölünməni dərinləşdirdi. Bunun ardınca isə biz münasibətlərdə daha çox böhran hallarına rast gəlirik. Belə ki, ABŞ-İsrail cütlüyünün İrana qarşı müharibəsində Aİ, o cümlədən Fransa ABŞ-ni dəstəkləmədi. Bütün bunlar isə ABŞ-Fransa münasibətlərində bundan sonra da mütəmadi olaraq anlaşılmazlıq zonasının genişlənəcəyini deməyə əsas verir. Zənnimcə, hazırda ABŞ və Fransa arasında olan iqtisadi çəkişmələr siyasi fikir ayrılıqlarından doğur. ABŞ istəyir ki, Avropa birmənalı olaraq onu bütün sahələrdə sorğu-sualsız müdafiə etsin. Lakin hazırda bu, mümkün görünmür. Fransa da dünya siyasətində müstəqil rol almaq niyyətini ifadə edir və ABŞ-nin bunu qəbul etməsinə çalışır. Ona görə də qarşılıqlı iqtisadi təzyiqlər baş verir. Siyasi müstəvidə razılaşma olmayana qədər bu cür addımlara şahid ola bilərik. Ancaq Fransanın ABŞ ilə rəqabət apara biləcək gücdə olmadığını da qəbul etməyi lazımdır".
Turqut Ansari
11:55 17.06.2026
Oxunuş sayı: 60