İnsan sağlamlığının keşiyində dayanan fədakar insanlar
Hər bir xalqın inkişaf səviyyəsini müəyyən edən əsas amillərdən biri onun səhiyyə sisteminin gücü və insan sağlamlığına göstərilən diqqətdir. İnsan həyatının qorunması, vətəndaşların sağlamlığının təmin edilməsi dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri olmaqla yanaşı, həm də cəmiyyətin mənəvi dəyərlərinin göstəricisidir. Məhz buna görə də tibb işçiləri hər zaman xüsusi hörmət və ehtiramla anılırlar.
Azərbaycan səhiyyəsinin inkişafı və müasir standartlara uyğun qurulması Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər səhiyyə sahəsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edir, tibb işçilərinin əməyini yüksək qiymətləndirirdi. O qeyd edirdi ki, insan sağlamlığı dövlətin və millətin ən böyük sərvətidir. Məhz onun rəhbərliyi dövründə ölkəmizdə yeni xəstəxanalar, poliklinikalar istifadəyə verilmiş, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin bütün bölgələrində onlarla müasir xəstəxana və diaqnostika mərkəzi tikilmiş, səhiyyə müəssisələri ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların səhiyyə xidmətlərinə əlçatanlığının artırılması istiqamətində mühüm layihələr həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğı da xüsusi qeyd olunmalıdır. Onun təşəbbüsü ilə həyata keçirilən çoxsaylı humanitar layihələr, səhiyyə proqramları və sosial təşəbbüslər minlərlə insanın sağlamlığının qorunmasına mühüm töhfələr vermişdir.
Tibb işçiləri insan həyatının ən çətin və məsuliyyətli anlarında insanların yanında olan, onların sağlamlığı uğrunda yorulmadan çalışan fədakar insanlardır. Onlar gecə-gündüz demədən, bayram və istirahət günlərinə baxmadan müqəddəs və şərəfli peşələrinin öhdəsindən layiqincə gəlirlər. Hər bir sağalmış xəstə, hər bir xilas edilmiş həyat onların peşəkarlığının, bilik və bacarığının, ən əsası isə insanlığa olan sevgisinin nəticəsidir.
Xüsusilə son illərdə dünyanı sarsıdan pandemiya dövründə Azərbaycan tibb işçiləri böyük qəhrəmanlıq nümunəsi göstərdilər. Onlar öz sağlamlıqlarını riskə ataraq insanların həyatını qorumaq üçün əzmlə çalışdılar və cəmiyyətimizin minnətdarlığını qazandılar.
Bu əlamətdar gündə ölkəmizin bütün həkimlərini, tibb bacılarını, feldşerlərini və səhiyyə sistemində çalışan hər bir əməkdaşını səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində yeni uğurlar, ailə səadəti və xoşbəxtlik arzulayırıq.
Bu gün mənim üçün həm də xüsusi bir gündür. Çünki mənim əziz nənəm də bu şərəfli peşənin nümayəndəsidir. Onun uzun illər insanlara göstərdiyi xidmət, mərhəməti, qayğıkeşliyi və zəhməti hər zaman qürur duyduğum ən dəyərli nümunələrdən biridir. Nənəmin simasında bütün tibb işçilərinə dərin hörmət və ehtiramımı bildirir, onların hər birinə sonsuz təşəkkürümü çatdırıram.
Qoy ağ xalat geyinən insanların nuru heç vaxt sönməsin, onların şəfa verən əlləri daim insanların sağlamlığına xidmət etsin. Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə bütün səhiyyə işçilərini ürəkdən təbrik edir, onlara yeni nailiyyətlər, firavan həyat və möhkəm cansağlığı arzulayırıq.
Peşə bayramınız mübarək olsun!
Elmir Heydərli
11:06 17.06.2026
Oxunuş sayı: 98