Rusiyanın "Axilles dabanı" tapıldı: Ukrayna "12 dən vurur"
Müasir müharibələrin aparılmasında effektiv hava hücumundan müdafiə sistemlərinin tətbiqi və pilotsuz uçuş aparatlarından (PUA) qorunma ən həlledici amillərdən birinə çevrilib. Artıq uzun müddətdir davam edən Rusiya-Ukrayna müharibəsində dronların kütləvi tətbiqi, xüsusilə Ukrayna ordusunun rəqibə qarşı hücum taktikasında mövqelərini güclü saxlamasına imkan yaradır.
Crossmedia.az-a açıqlama verən hərbi ekspert Ramil Məmmədli bildirib ki, hazırkı mərhələdə ən gərgin məsələ Rusiyanın daxili cəbhəsində yerləşən strateji obyektlərin hədəfə alınmasıdır:

“Ukrayna dronlarının Rusiyanın 1000-2000 kilometr dərinliyinə qədər daxil ola bilməsi Rusiya üçün olduqca mənfi və arzuolunmaz bir mənzərədir. Bu, birbaşa Rusiyanın hava hücumundan müdafiə texnologiyalarının müasir dron təhlükəsinin qarşısını almaqda yetərsiz qaldığını sübut edir. Digər və ən kritik məsələ isə birbaşa ordunun təminat xətti ilə bağlıdır. Müharibə təkcə ön cəbhədə döyüşmək deyil, həm də arxa cəbhədən gələn təchizat və logistikadır. Bir çox böyük dövlətlər məhz daşınma və təminat problemləri ucbatından məğlubiyyətə uğrayırlar”.
Ekspert qeyd edib ki, Ukraynanın Rusiyanın dərinliyindəki neft emalı zavodlarını və digər strateji müəssisələrini intensiv şəkildə vurmaqda əsas hərbi məqsədi məhz Rusiya ordusunun təchizat zəncirini qırmaqdır:
“Təbii ki, bərpa və təmir işləri Rusiyaya böyük iqtisadi ziyan vurur, maliyyə itkilərinə yol açır. Amma sırf cəbhə kontekstindən baxsaq, Ukrayna bu əməliyyatlarla Rusiyanın cəbhədəki hərbi qüvvələrinin təminatında ciddi iflic yaratmağa çalışır. Əgər proses bu templə davam edəcəksə, Rusiya ordusu yaxın gələcəkdə hərbi texnikaların yanacaqla təminatı sahəsində çox ciddi və real böhranla qarşı-qarşıya qalacaq. Yanacağın kəsilməsi isə birbaşa Rusiyanın hərbi gücünün zəifləməsi və cəbhədə böyük problemlərlə üzləşməsi deməkdir”.
Ayxan İbişov
11:00 16.06.2026
Oxunuş sayı: 58