Şuşa Bəyannaməsi - Tarixi müttəfiqlik sənədi
2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə münasibətlərinin tarixində mühüm siyasi və strateji hadisə kimi qiymətləndirilir. Bu sənəd iki qardaş dövlət arasında mövcud olan münasibətlərin ən yüksək səviyyəyə yüksəldiyini təsdiq etmiş, siyasi, hərbi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirmişdir.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında əsrlər boyu formalaşmış dostluq, qardaşlıq və qarşılıqlı etimad münasibətlərinin hüquqi-siyasi ifadəsidir. Sənədin imzalanması iki dövlət arasında strateji tərəfdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmən təsbit etmiş, regional və beynəlxalq miqyasda yeni əməkdaşlıq modelinin formalaşdığını nümayiş etdirmişdir. Bu baxımdan Şuşa Bəyannaməsi yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə regionun siyasi və təhlükəsizlik mühiti baxımından da mühüm əhəmiyyət kəsb edir.
Bəyannamənin məhz Şuşa şəhərində imzalanması xüsusi rəmzi məna daşıyır. Şuşa Azərbaycanın qədim tarixi-mədəni mərkəzlərindən biri olmaqla yanaşı, xalqımızın milli kimliyinin və mənəvi dəyərlərinin daşıyıcısı hesab edilir. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin ən mühüm nəticələrindən biri məhz Şuşa şəhərinin işğaldan azad olunması olmuşdur. Bu səbəbdən Şuşada imzalanan Bəyannamə Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yaranmış yeni geosiyasi reallıqların və ölkəmizin artan beynəlxalq nüfuzunun mühüm göstəricisi kimi qiymətləndirilir.
Azərbaycan və Türkiyə münasibətlərinin əsasını Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu “Bir millət, iki dövlət” prinsipi təşkil edir. Bu prinsip illər ərzində iki ölkə arasında əlaqələrin inkişafının ideoloji təməli olmuşdur. Türkiyə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə olmuş, ötən dövr ərzində bütün mühüm məsələlərdə ölkəmizin yanında yer almışdır. Eyni zamanda Azərbaycan da Türkiyə ilə münasibətlərə daim xüsusi önəm vermiş, strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirmişdir. Şuşa Bəyannaməsi məhz bu münasibətlərin məntiqi nəticəsi və ən yüksək ifadəsi hesab olunur.
Sənədin mühüm istiqamətlərindən biri siyasi əməkdaşlığın və xarici siyasət sahəsində koordinasiyanın gücləndirilməsidir. Bəyannamədə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, milli maraqların müdafiəsində birgə mövqenin nümayiş etdirilməsi və regional məsələlər üzrə əlaqələndirilmiş siyasətin həyata keçirilməsi nəzərdə tutulur. Bu yanaşma Azərbaycan və Türkiyənin beynəlxalq arenada strateji tərəfdaş kimi çıxış etdiyini və bir-birinin milli maraqlarını qətiyyətlə dəstəklədiyini göstərir.
Şuşa Bəyannaməsinin ən mühüm müddəaları müdafiə və təhlükəsizlik sahəsinə aiddir. Sənəddə tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və ya beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı təhdid və ya təcavüz yaranacağı halda qarşılıqlı məsləhətləşmələrin aparılması və birgə tədbirlərin görülməsi nəzərdə tutulur. Bundan əlavə, hərbi təhsil, müdafiə sənayesi, silahlı qüvvələrin modernləşdirilməsi, təhlükəsizlik sahəsində təcrübə mübadiləsi və birgə hərbi təlimlərin keçirilməsi kimi məsələlər də sənəddə öz əksini tapmışdır. Bu müddəalar Azərbaycan-Türkiyə müttəfiqliyinin praktiki əsaslarını formalaşdıraraq regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə xidmət edir.
Bəyannamədə iqtisadi əməkdaşlığın inkişafı da xüsusi yer tutur. Azərbaycan və Türkiyə uzun illərdir ki, regionun iqtisadi və enerji təhlükəsizliyinə mühüm töhfə verən iri layihələrin təşəbbüskarları kimi çıxış edirlər. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, TANAP, TAP və Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələr iki ölkə arasında əməkdaşlığın uğurlu nümunələri hesab olunur. Şuşa Bəyannaməsində bu əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması, ticarət dövriyyəsinin yüksəldilməsi və yeni iqtisadi layihələrin həyata keçirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilmişdir.
Sənəddə regionun nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məsələlərinə də geniş yer verilmişdir. Bu istiqamətdə həyata keçiriləcək layihələrin regionun tranzit potensialını artıracağı, iqtisadi inteqrasiyanı gücləndirəcəyi və yeni əməkdaşlıq imkanları yaradacağı vurğulanmışdır. Xüsusilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafı baxımından Azərbaycan və Türkiyənin rolu xüsusi qeyd olunur.
Şuşa Bəyannaməsi yalnız siyasi və iqtisadi əməkdaşlığı deyil, humanitar əlaqələrin inkişafını da əhatə edir. Təhsil, elm, mədəniyyət, gənclər siyasəti və idman sahələrində əməkdaşlığın genişləndirilməsi, ortaq tarixi-mədəni irsin qorunması və təbliği, xalqlar arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi sənədin əsas istiqamətləri sırasında yer alır. Bu, Azərbaycan və Türkiyə xalqları arasında mövcud olan mənəvi bağların gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda Şuşa Bəyannaməsi türk dünyasının inteqrasiyası baxımından da strateji əhəmiyyətə malikdir. Son illərdə türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər fonunda bu sənəd ortaq tarixi, dili və mədəniyyəti bölüşən xalqlar arasında həmrəyliyin daha da möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan və Türkiyə türk dövlətləri arasında əməkdaşlığın inkişafında aparıcı rol oynayaraq Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinə mühüm töhfələr verirlər.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni mərhələsini müəyyən edən, müttəfiqlik əlaqələrinin hüquqi-siyasi əsaslarını möhkəmləndirən tarixi sənəddir. Bu sənəd iki qardaş dövlət arasında siyasi, hərbi, iqtisadi və humanitar əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət etməklə yanaşı, regionda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verir. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının, ortaq maraqlarının və gələcəyə hesablanmış strateji baxışının ən mühüm təcəssümlərindən biri kimi tarixdə öz layiqli yerini tutmuşdur.

Kamran Quliyev
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının sədr müavini
08:10 16.06.2026
Oxunuş sayı: 52