Məhərrəm ayı başladı: Bunları bilmək vacibdir
Bu gün, 16 iyun Məhərrəm ayının ilk günüdür. Belə ki, bu ay İslam təqviminin ilk ayı olmaqla yanaşı, müsəlman dünyasında xüsusi dini və mənəvi əhəmiyyətə malik dövrlərdən biridir. Bu ay həm ibadət və mənəvi təmizlənmə, həm də tarixi hadisələrin anılması baxımından fərqli bir məna daşıyır. İslam ənənəsinə görə Məhərrəm dörd müqəddəs aydan biri hesab olunur və bu müddətdə münaqişə və qan tökülməsi kimi əməllər qadağan edilmiş sayılır. Ayın ən mühüm günü isə Aşura günüdür. Aşura İslam tarixində dərin iz buraxmış hadisələrlə bağlı olduğu üçün bu gün xüsusi ehtiramla qeyd edilir.
Məhərrəm ayı əsasən 680-ci ildə baş vermiş Kərbəla faciəsi ilə əlaqədar olaraq daha çox hüzn və anım ayı kimi yadda qalır. Həmin hadisədə İmam Hüseyn və onun yaxınlarının şəhid edilməsi İslam tarixində ədalət və haqsızlığa qarşı mübarizənin simvoluna çevrilmişdir. Bu səbəbdən xüsusilə şiə icmalarında Məhərrəmlik matəm dövrü kimi qeyd olunur, mərsiyələr oxunur, dini mərasimlər keçirilir və İmam Hüseynin haqq uğrunda mübarizəsi xatırlanır.
Azərbaycanda Məhərrəmlik əsasən dini və mənəvi çərçivədə qeyd edilir. İnsanlar bu dövrdə daha çox ibadətə yönəlir, ehsanlar verilir və müxtəlif anım tədbirləri təşkil olunur. Aşura günü isə xüsusilə qeyd edilir, bəzi yerlərdə xeyriyyə aksiyaları və qanvermə tədbirləri də həyata keçirilir. Bu dövr cəmiyyətdə həm dini duyğuların, həm də sosial həmrəyliyin gücləndiyi bir zaman kimi qəbul olunur.
İlahiyyatçı -alim, QMİ-nin səlahiyyətlisi Samid Quliyev bu barədə Crossmedia.az-a açıqlama verib:

"Məhərrəm ayı İslam aləmində, xüsusilə də imam Hüseynin (ə) Kərbəla şəhadətinin yad edildiyi hüzn və mənəviyyat ayıdır. Bu ayda müsəlmanlara tövsiyə olunan əsas məsələ günah və mənəvi eyiblərdən uzaq olmaq, ibadətə, xeyirxahlığa və özünütərbiyəyə daha çox diqqət yetirməkdir. Dini baxımdan Məhərrəm ayında digər aylarda halal olan işlərin xüsusi şəkildə haram olması barədə ümumi bir hökm yoxdur. Yəni halal olan əməl Məhərrəmdə də halal, haram olan əməl isə Məhərrəmdə də haramdır".
İlahiyyatçı söyləyib ki, Məhərrəmlik dövründə qeybət, böhtan, yalan, haqsızlıq, insanlara qarşı kobud davranış kimi günahlardan çəkinmək, imam Hüseynin (ə) məktəbinin əsas dəyərləri olan ədalət, mərhəmət, dürüstlük və mənəvi saflığa üstünlük vermək tövsiyə olunur.
Fatimə Məmmədova
09:03 16.06.2026
Oxunuş sayı: 55