Zərərli meyvə yoxdur, onu zərərli edən insanlardır - Mütəxəssis danışdı
Ötən gün Azərbaycanda çiyələk qəbulundan sonra bir şəxsdə kəskin allergik reaksiya qeydə alınıb. Nəticədə bədənin müxtəlif nahiyələrində geniş qızartılar əmələ gəlib və həmin şəxs dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və vəziyyəti həkim nəzarətinə götürülüb.
Hadisə bəzi insanlar arasında fərqli reaksiyalara səbəb olub. Çiyələyi sevənlər olsa da, bu cür hallar müəyyən narahatlıq və tərəddüd yaradır. Nəticə etibarilə, bir qisim insanlar çiyələk istehlakından çəkinməyi düşünür.
Bununla belə, çiyələk və digər meyvələr ümumilikdə sağlam qida məhsullarıdır və allergik reaksiyalar fərdi həssaslıqla bağlıdır. Qeyd edək ki, qidaların düzgün seçimi və orqanizmin xüsusiyyətlərinin nəzərə alınması bu cür halların qarşısının alınmasında mühüm rol oynayır.
Qida üzrə mütəxəssis Ağa Salamov məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verib:

"Zərərli çiyələk yoxdur. Onu zərərli edən insanlar var. Biz öz immun sistemimizi tanımırıq. İstər meyvələrin, istər ağartı məhsullarının, dəniz məhsullarının nə cür reaksiya verdiyini bəzi insanlar bilmir. Allergin o deməkdir ki, yediyimiz məhsul mədədə düzgün həzm olunmur, ağız boşluğunda səpkilər yaradır. Çiyələyə qarşı da allergik reaksiyalar yarana bilər. Bunun əsas səbəblərindən biri çiyələyin tərkibində olan bəzi zülallardır. Bir çox insan meyvədə zülalın olmadığını düşünsə də, əslində meyvələrin tərkibində də müxtəlif zülallar mövcuddur. Məsələn, çiyələyin ən çox öyrənilmiş allergen zülallarından biri Fra A1-dir. Bu zülal ağcaqayın tozcuğunun əsas allergenləri ilə oxşarlıq göstərdiyi üçün bəzi insanlarda çarpaz allergik reaksiyalara səbəb ola bilər. Digər bir zülal isə Fra A3-dür. Bu, lipid daşıyan zülal (Lipid Transfer Protein – LTP) qrupuna daxildir. Bu tip zülallar meyvələrdə allergik reaksiyaların əsas səbəblərindən biri hesab olunur. Bundan başqa, profilinlər də mövcuddur. Bunlar bitkilərdə geniş yayılmış zülallardır və həssas insanlarda allergik reaksiyalara səbəb ola bilər. Çiyələyin tərkibində də bu zülallar mövcuddur. Bəzən insanlar maariflənmək əvəzinə məlumatları araşdırmadan paylaşırlar. Halbuki insanlara allergiyanın yaranma səbəbləri ətraflı izah edilməlidir".
A.Salamov vurğulayıb ki, insanlar bu zülallar barədə məlumatlı olmadıqda çiyələyi həddindən artıq miqdarda istehlak edə bilərlər:
"Çiyələk seçərkən kiçik ölçülü, mövsümündə yetişən növlərə üstünlük vermək daha məqsədəuyğundur. Xüsusilə meşə çiyələyi daha yaxşı seçim hesab olunur. İri ölçülü, həddindən artıq parlaq və hamar görünən çiyələklərdən ehtiyatla istifadə etmək lazımdır. Meşə çiyələyi adətən daha tünd rəngli, mat səthli, kiçik ölçülü olur. Eyni zamanda daha şirin və dadlıdır. Bunun səbəbi onun daha az kimyəvi vasitələrlə yetişdirilməsidir. Bəzi kənd təsərrüfatı istehsalçıları çiyələyi öz həyətlərində və kiçik sahələrdə dərmansız yetişdirirlər. Belə məhsullara üstünlük vermək olar. Çiyələyi alıb evə gətirdikdən sonra mütləq yumaq lazımdır. Bunun üçün suya çay sodası əlavə etmək tövsiyə olunur. Yuyulmamış çiyələyin üzərində bakteriyalar, viruslar, parazitlər, çirk, toz, torpaq qalıqları, həmçinin pestisid və herbisidlərin izləri qala bilər. Çiyələyin yetişdirilməsi zamanı bəzən çox miqdarda kimyəvi vasitələrdən istifadə olunur. Buna görə də allergik reaksiyalar yalnız zülallardan deyil, həm də istifadə olunan kimyəvi maddələrdən qaynaqlana bilər. İnsanlarda pestisid və herbisidlərə qarşı da həssaslıq yarana bilər. Bu maddələri təmizləmək üçün çiyələyi çay sodası əlavə edilmiş suda təxminən 10 dəqiqə saxlamaq, daha sonra isə axar su altında yaxşıca yumaq lazımdır. İstehlak miqdarına da diqqət yetirilməlidir. Bir dəfəyə çox miqdarda çiyələk yemək düzgün deyil. Hər bir qida məhsulunda olduğu kimi, burada da normanı gözləmək vacibdir. Çox miqdarda qəbul edildikdə immun sistemi həmin zülallara daha həssas reaksiya verə və nəticədə allergik reaksiyalar yarana bilər".
Mütəxəssis əlavə edib ki, istehlakçılar qida rasionunda ölçünü gözləməli, məhsulları yaxşı yuyub təmizlədikdən sonra istehlak etməli və orqanizmlərini tanımalıdırlar:
"Hansı meyvə, tərəvəz, süd məhsulu və ya balığın orqanizmə necə təsir etdiyini bilmək sağlam qidalanmanın əsas şərtlərindən biridir. Ən əsası da bəzi "mütəxəssis" lərin çiyələyin ümumiyyətlə zərərli olmasını deməsinə inanmamalıdırlar".
Fatimə Məmmədova
13:10 15.06.2026
Oxunuş sayı: 54