"Şuşa Bəyannaməsi"nə bənzər sənədlər digər türk dövlətləri ilə də imzalana bilər - Rusiya nədən narahatdır?
2021-ci ildə
Azərbayan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan
arasında imzalanan “Şuşa Bəyannaməsi” ilə Cənubi Qafqazda tamamilə yeni mərhələ
başlandı. Bakı və Ankaranın bu həmləsi qardaşlığın ən bariz nümunəsi kimi qiymətləndirilməlidir.
Belə ki, sözügedən bəyannamə ilə Azərbaycan və Türkiyə bir – birilərinin
yanında olacaqlarını növbəti dəfə təsdiqlədilər və dünyaya nümayiş etdirdilər.
Bu gün həmin bəyannamənin imzalanmasından beş il keçir.

Türkiyəli
politoloq, professor Hüsametdin İnaç sözügedən sənədin əhəmiyyəti barədə
Crossmedia.az-a danışıb: ““Şuşa bəyannaməsi” rəhmətlik Ümummilli Lider Heydər
Əliyevin “iki dövlət, bir millət” şüarının təzahürü kimi qiymətləndirilə bilər.
Bu sənəd həm də bütün türk dünyası üçün nümunə ola biləcək sənəddir. Bu bəyannamə
dostlarımıza güvən, düşmənlərimizə qorxu verib. Çünki sənəd iki dövlətin
formalaşdırdığı geosiyasi vəhdətin göstəricidir. İkinci Qarabağ müharibəsinin nəticələri
özünü göstərəndən sonra dünya dövlətləri bu anlaşmanın əhəmiyyətini daha yaxşı
dərk etməyə başladılar. Bu sənəd həm də Türk dünyasını gücləndirdi. Son dövrdə
bu razılaşmanın ruhunun türk dövlətlərinə siraətinin qarşısını alan əngəlləri
görürük. Bunun başında Avropa İttifaqının (Aİ) siyasəti dayanır. Belə ki, Aİ
son vaxtlar Azərbaycan istisna olmaqla digər türk dövlətlərini yunan Kiprini
tanımağa və Türkiyəni işğalçı kimi xarakterizə etməyə məcbur edir. Həmçinin
Qazaxıstanın İsraillə münasibətləri normalaşdırması istiqamətində addımları da
bizi narahat edir. Rusiya da həm türk dünyasının güclənməsindən, həm də Azərbaycan-
Türkiyə - Ermənistan xəttində münasibətlərin normallaşmasından narahatdır.
Kremlin sözçüsü Dmitri Peskov və digər rəsmilər açıq- aydın bildirirlər ki,
Ukraynada baş verənlər Cənubi Qafqazda- Ermənistanda da təkrarlana bilər”.
O bildirib
ki, Şuşa Bəyannaməsinə bənzər sənədlərin digər Türk dövlətələri arasında
imzalana bilər: “Çünki xüsusilə ABŞ İsrail tandemi ilə İran arasında müharibədən
sonra rəsmi Ankaranın regiondakı rolu daha da artıb. Türkiyə indi qlobal təsirləri
olan regional ölkədir. Bu baxımdan digər türk dövlətləri ilə də bənzər sənədlər
imzalana bilər. Amma gərək həmin dövlətlər siyasi iradə ortaya qoysunlar, kənar
güclərin prosesə müdaxiləsinin qarşısını alsınlar. Türk dövlətləri qlobal müstəvidə
baş verən hadisələr qarşısında soyuqqanlı və təmkinli olmalıdırlar. Əks halda Türk
dövlətlərinin güclənməsinin qarşısının alınması üçün bütün ehtimallar ortaya
atıla bilər”.
13:06 15.06.2026
Oxunuş sayı: 50