Ballistik raket məsələsinin razılaşmada yer almaması gələcək risklərin qalacağını göstərir- Rəy
ABŞ və İran arasında imzalanması gözlənilən 14 maddəlik razılaşma beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Sənəddə atəşkəsin təmin olunması, sanksiyaların yumşaldılması, İranın dondurulmuş vəsaitlərinin azad edilməsi və Hörmüz boğazının açılması kimi mühüm məsələlər əks olunsa da, Tehranın ballistik raket proqramı ilə bağlı hər hansı məhdudiyyətin nəzərdə tutulmaması müzakirələrə səbəb olub. Ekspertlər hesab edirlər ki, bu məsələ gələcəkdə tərəflər arasında yeni fikir ayrılıqlarına yol aça bilər.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Xasay Gəraylı bildirib ki, ballistik raket proqramının razılaşma layihəsindən kənarda qalması ABŞ–İran münasibətlərində bütün risklərin aradan qalxmadığını göstərir:
“Ballistik raket proqramının razılaşma layihəsindən kənarda qalması ABŞ–İran münasibətlərində gələcək risklərin tam aradan qalxmaması deməkdir. Çünki Vaşinqton üçün İranın nüvə proqramı ilə yanaşı, onun raket imkanları da regional təhlükəsizlik gündəliyinin əsas elementlərindən biridir. Əgər raket məsələsi ayrıca mexanizm çərçivəsində tənzimlənməzsə, gələcəkdə ABŞ administrasiyaları və regiondakı müttəfiqləri bu mövzunu yenidən danışıqlar masasına çıxara bilərlər. Bu isə əldə olunacaq razılaşmanın dayanıqlılığına mənfi təsir göstərə bilər”.
Ekspertin sözlərinə görə, İranın raket proqramına münasibəti bu mövzunun razılaşma mətninə daxil edilməməsinin əsas səbəblərindən biri ola bilər:
“Digər tərəfdən, İran uzun illərdir ki, ballistik raket proqramını öz müdafiə strategiyasının ayrılmaz hissəsi hesab edir və bu sahədə güzəştə getməyə həssas yanaşır. Buna görə də raket məsələsinin sənəddə yer almaması tərəflər arasında ilkin razılığın əldə olunmasını asanlaşdıran siyasi kompromis kimi qiymətləndirilə bilər”.
X.Gəraylı qeyd edib ki, razılaşma layihəsində yer alan bir sıra müddəalar regionda gərginliyin azalmasına töhfə verə bilər:
“Ümumilikdə, layihədə atəşkəs, sanksiyaların yumşaldılması, İranın maliyyə vəsaitlərinə çıxışının təmin edilməsi, eləcə də Hörmüz boğazı ilə bağlı məsələlərin əks olunması gərginliyin azaldılması baxımından müsbət addım sayıla bilər. Lakin hələlik bu sənədi regionda uzunmüddətli sabitliyin tam təminatı kimi dəyərləndirmək tezdir. Çünki nüvə proqramı, raket potensialı, regional təsir uğrunda rəqabət və qarşılıqlı etimadsızlıq kimi fundamental problemlər tam həll olunmayıb.
Bu səbəbdən sözügedən razılaşmanı daha çox tərəflər arasında gərginliyi azaltmağa yönəlmiş mühüm, lakin müvəqqəti siyasi kompromis və gələcək danışıqlar üçün platforma kimi qiymətləndirmək daha məqsədəuyğundur”.
Zeynəb Həsən
17:05 13.06.2026
Oxunuş sayı: 72