“Neft bitdi” deyənlərə cavab: OPEC 2027 üçün yaşıl işıq yandırdı
Qlobal enerji bazarında əsas göstəricilərdən biri hesab olunan neftə tələbatın gələcək dinamikası ilə bağlı OPEC növbəti illər üçün proqnozlarını yeniləyib. Təşkilatın aylıq hesabatında dünya iqtisadiyyatındakı tendensiyalar, enerji istehlakının artımı və bazardakı mövcud vəziyyət nəzərə alınaraq 2026-2027-ci illər üzrə orta gündəlik qlobal neft tələbatına dair gözləntilər açıqlanıb. Hesabat, qlobal enerji bazarının perspektivlərini qiymətləndirmək baxımından mühüm göstərici hesab olunur.
OPEC-in 2026–2027-ci illər üzrə proqnozlarını Crossmedia.az-a şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, təşkilatın qiymətləndirmələri yaxın illərdə qlobal neftə tələbatın artmaqda davam edəcəyini göstərir.

Ekspertin sözlərinə görə, bu proqnozlar dünya iqtisadiyyatında artım tempinin qorunub saxlanılacağına, xüsusilə inkişaf etməkdə olan ölkələrdə sənaye istehsalının, nəqliyyat sektorunun və enerji istehlakının genişlənəcəyinə işarə edir.
“Alternativ enerji mənbələrinin payı artsa da, neft hələ uzun müddət qlobal enerji balansında mühüm yer tutacaq. Bu da enerji keçidinin gözlənildiyindən daha mürəkkəb və uzunmüddətli proses olduğunu göstərir”, – deyə A.Nəsirli qeyd edib.
Onun fikrincə, bərpa olunan enerji mənbələrinə yatırımların artmasına baxmayaraq, xüsusilə Asiya, Afrika və Yaxın Şərq regionlarında iqtisadi inkişaf və əhalinin sayının yüksəlməsi neftə olan tələbatın yüksək səviyyədə qalmasını təmin edir. Buna görə də yaxın perspektivdə neftin qlobal enerji sistemindəki rolunun əhəmiyyətli dərəcədə azalacağı gözlənilmir.
Akif Nəsirli hesab edir ki, OPEC-in optimist tələbat proqnozları neft istehsalçısı ölkələr üçün müsbət siqnal sayıla bilər. Onun sözlərinə görə, bu tendensiya yeni yataqların işlənməsi, hasilata investisiyaların artırılması və enerji infrastrukturunun genişləndirilməsi üçün əlverişli zəmin yaradır.
Bununla yanaşı, ekspert vurğulayıb ki, uzunmüddətli perspektivdə iqlim siyasətinin sərtləşməsi, elektromobillərin daha geniş yayılması və yaşıl texnologiyaların inkişafı neft bazarının artım tempinə təsirsiz ötüşməyəcək.
“Yaxın illərdə neft qlobal enerji bazarında aparıcı mövqeyini qoruyacaq. Bununla belə, enerji keçidinin təsirləri getdikcə daha çox hiss olunacaq. Neft bazarının gələcəyi həm qlobal iqtisadi artımın davamlılığından, həm də alternativ enerji texnologiyalarının inkişaf sürətindən asılı olacaq”, – deyə Akif Nəsirli açıqlamasını sonlandırıb.
Nigar Xəlilli
17:02 12.06.2026
Oxunuş sayı: 59