Azərbaycan və İranın dəmir yolu rəsmiləri Astara Terminalındakı tikinti işi ilə tanış olub
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov İrana səfəri çərçivəsində bu ölkənin dəmiryol administrasiyasının rəhbəri Cabbar Əli Zakeri ilə birlikdə Astara Terminalında aparılan tikinti işləri ilə tanış olub.
Crossmedia.az ADY-yə istinadən xəbər verir ki, terminala baxış zamanı layihənin icra vəziyyəti, görülən işlər və növbəti mərhələlər barədə ətraflı məlumat təqdim edilib. Bildirilib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas infrastruktur elementlərindən olan Astara Terminalında tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir.
Görüş zamanı tərəflər Azərbaycan və İranın dəmir yolları arasında əməkdaşlığın cari vəziyyətini, Şimal-Cənub dəhlizi üzrə yükdaşımaların inkişaf perspektivlərini və yük həcmlərinin artırılması imkanlarını müzakirə ediblər.
Qeyd olunub ki, Astara Terminalı tam istifadəyə verildikdən sonra illik 3,5-4 milyon ton yükötürmə qabiliyyəti ilə yük əməliyyatlarının daha səmərəli təşkilinə və regionun tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verəcək. İki ölkə arasında nəqliyyat-logistika əməkdaşlığının strateji komponentlərindən biri olan Astara Terminalının fəaliyyəti qarşılıqlı yük dövriyyəsinin artırılmasına, beynəlxalq yükdaşımaların sürətləndirilməsinə və Şimal-Cənub dəhlizinin rəqabətqabiliyyətinin yüksəldilməsinə xidmət edəcək.
Sonda Astara Terminalının tikintisinin tamamlanması və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb.
Qeyd edək ki, 2026-cı ilin 5 ayında Astara terminalında 345 min tondan çox yük aşırılıb. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 26 faiz çoxdur.
14:26 11.06.2026
Oxunuş sayı: 57