Bakıda maşın sürmək çətinləşir: Yol nişanlanmaları kifayət deyil
Son illərdə Bakı şəhərində nəqliyyat axınının tənzimlənməsi məqsədilə bir sıra küçə və prospektlərdə yeni yol nişanlanmaları və hərəkət sxemləri tətbiq edilir. Bu dəyişikliklərin əsas məqsədi hərəkətin daha təhlükəsiz və səmərəli təşkil olunması olsa da, bəzi sürücülər yeni xətlənmələrin praktikada gözlənilən effekti vermədiyini düşünür. Xüsusilə zolaqların istiqamətinin qəfil dəyişməsi, manevr imkanlarının məhdudlaşması və bəzi ərazilərdə nəqliyyat yükünün artması bu mövzunu yenidən gündəmə gətirib. Mütəxəssislər isə hesab edir ki, yol infrastrukturu ilə bağlı qərarların nəticəsi yalnız nişanlanma ilə deyil, ümumi nəqliyyat planlaması və sürücü davranışları ilə birlikdə qiymətləndirilməlidir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev Crossmedia.az-a açıqlama verib:

“Yol nişanlanması və zolaqların yeni təşkili adətən yolun buraxıcılıq qabiliyyətinin artırılması, hərəkət axınının düzgün istiqamətləndirilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəqliyyat mühəndisliyi prinsipləri əsasında hazırlanır. Bu zaman yolun hərəkət intensivliyi, günün müxtəlif saatlarındakı nəqliyyat axını, kəsişmələrdə dönüşlərin sayı və təhlükəsizlik göstəriciləri nəzərə alınmalıdır. Lakin hər bir yeni sxemin uğurlu olması yalnız onun layihələndirilməsindən deyil, həm də real şəraitə uyğunluğundan asılıdır. Bəzi küçələrdə sürücülərin illərlə istifadə etdiyi hərəkət istiqamətlərinin qəfil dəyişdirilməsi, zolaqların əvvəlcədən aydın şəkildə xəbərdar edilməməsi və yol nişanlarının kifayət qədər uzaq məsafədən görünməməsi çaşqınlıq yarada bilər. Nəticədə sürücülər son anda zolaq dəyişməyə məcbur olur ki, bu da həm təhlükəsizlik riskini artırır, həm də nəqliyyat axınının ləngiməsinə səbəb olur”.
Ekspert əlavə edib ki, əslində, tıxacın azalması üçün təkcə zolaqların sayını və ya istiqamətini dəyişmək kifayət etmir: “Yolun hər bir hissəsində qəbul edilən qərarlar ümumi nəqliyyat şəbəkəsi ilə uzlaşdırılmalıdır. Bir nöqtədə hərəkəti sürətləndirmək başqa bir nöqtədə “dar boğaz” effekti yarada və sıxlığı daha da artıra bilər. Bu baxımdan yeni yol nişanlanmaları tətbiq edildikdən sonra onların nəticələri mütəmadi şəkildə analiz olunmalı, sürücülərin davranışı və yaranan problemlər öyrənilməli, zərurət olduqda sxemlərə düzəlişlər edilməlidir. Nəqliyyatın təşkili dinamik bir prosesdir və əsas məqsəd sürücünü çaşdırmaq deyil, hərəkətin daha təhlükəsiz, rahat və səmərəli olmasını təmin etməkdir”.
Ayhan
15:52 10.06.2026
Oxunuş sayı: 51