Ermənistan konstitusiya dəyişikliyinə getməsə nələr olacaq?
Ermənistanda iyunun yeddisində keçirilən və baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Mülki Müqavilə" partiyasının qələbəsi ilə nəticələnən parlament seçkilərindən sonra əsas diqqət Cənubi Qafqazdakı geosiyasi dinamikaya yönəlib. Bəzi şərhçilərinin fikrincə, Paşinyanın atacaöl ilk addımlardan biri Azərbaycanın haqlı tələbinə müvafiq olaraq konstitusiya dəyişikliyi olacaq. Əks halda sülh sazişi prosesi uzana və həm də İrəvanın bu məsələ ilə bağlı səmimiliyi sual altına düşə bilər.
Milli Məclisin deputatı Azay Quliyev mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verib: “Məlum olduğu kimi, Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları aradan qaldırılmadan sülh müqaviləsinin imzalanmayacağını Azərbaycan dövləti dəfələrlə bəyan edib. Hamı bu mövqeyi anlayışla qarşılayır. Lakin Paşinyanın partiyası son seçkilərdə konstitusiya çoxluğu, yəni, 70 mandat əldə edə bilməyib, bu səbəbdən konstitusiyaya dəyişiklik etmək və ya yenisini qəbul etmək üçün malik olduğu 64 səsə digər partiyalardan daha 6 səs əlavə olunmalıdlr. Belə ki, konstitusiya ilə bağlı referendum keçirmək üçün parlament üzvlərinin 3/2-nin dəstəyini, 70 deputatın səsini qazanmaq lazımdır. Hazırkı durumda "Güclü Ermənistan" Partiyasının rəhbəri, iş adamı Samvel Karapetyanın və ya "Ermənistan" partiyasının rəhbəri, keçmiş prezidenti Robert Koçaryanın belə bir dəstək verməsi real görünmür. Ancaq belə bir mürəkkəb vəziyyətin yaranması Azərbaycanın legitim tələbini dəyişmir. Hesab edirəm ki, Ermənistan hakimiyyəti və xalqı bu problemin həlli yollarını özləri tapmalı və sülh müqaviləsinin imzalanması yolunda əsas maneəni aradan qaldırmalıdırlar. Ermənistanın bu faktı əsas götürərək konstitusiyanı dəyişmək tələbindən yan keçməyə cəhd edərsə, bunun da heç bir faydası olmayacaq. Belə olduğu təqdirdə nə Ermənistanla sülh müqaviləsinin imzalanması, nə də Azərbaycan və Türkiyə ilə dövlətlərarası münasibətlərin tam şəkildə təsis edilməsi mümkün olacaq. Əminəm ki, Türkiyə və Azərbaycan indiyədək olduğu kimi, bundan sonra da bu siyasəti koordinasiyalı şəkildə davam etdirəcəklər. Çünki Ermənistan konstitusiyası təkcə Azərbaycana deyil, eyni zamanda, Türkiyəyə qarşı da ərazi iddialarını özündə ehtiva edir. Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi bəyanatı və sonradan həmin bəyanata edilən vacib dəyişikliyi, mövqenin daha aydın və dəqiq ifadə olunmasını alqışlayıram. Biz tarixdən dərs çıxarmışıq və bir daha ermənilərin “xoş” vədlərinə və ya hiyləsinə aldanmayacağıq”.
Ayhan
12:30 10.06.2026
Oxunuş sayı: 82